Raul Yaqubzadə: "İtaliyada qalıb, burada oynamaq istəyirəm"
11.04.2024 - 14:58
Raul Yaqubzadə: "İtaliyada qalıb, burada oynamaq istəyirəm"

Vaxtilə “Peruca”nın aşağı yaş qruplarından ibarət komandalardan birinə keçən İtaliyada oynayan azərbaycanlı futbolçu Raul Yaqubzadə hazırda D seriyasında mübarizə aparan “İmoleze”yə məxsusdur. Amma 2004-cü il təvəllüdlü yarımmüdafiəçi qışda D seriyasının digər təmsilçisi olan “Nuovo Florida”ya keçib. Apasport.az saytına müsahibə verən Yaqubzadə Azərbaycanın əsas millisində oynamaq istəyindən söhbət açıb.

- Necə alındı ki, "Nuova Florida"ya keçdin? Təkliflər arasında ən yaxşısı bu idi, yoxsa necə? Ümumiyyətlə, yeni komandanda oynayırsan, sənə oynamaq şansı yaradırlar?
-Mənə B seriyası komandasından da təklif var idi. Amma D seriyasında oynamağı seçdim. Çünki mənim üçün hazırda əsas olan məsələ daimi oynamağımdır. 1-2 il burada oynamağı planlaşdırıram. Ümumiyyətlə, mən İtaliya futbolu ilə böyümüşəm, neçə illərdir ki, buradayam. Elə İtaliyada qalıb, burada oynamaq istəyirəm. Heç yerə getməyi düşünmürəm. Özümü İtaliyada xoşbəxt hiss edirəm.

- "Nuova"da sənə olan münasibət necədir? Baş məşqçi ilə yola gedə bilirsən?
-“Nuova Florida" D serbiyasında ən güclü klublardan biridir. Hazırda dördüncü pillədəyik. Sadəcə, mən bu komandaya keçəndə, federasiya xallarımızı sildi. Belə bir cəza verildi komandaya. Ona görə də, turnir cədvəlində aşağı pilləyə düşdük. Baş məşqçimiz yenidir. Hamı kimi mənə də şans verir, münasibətimiz yaxşıdır.   

- Ümumiyyətlə, D seriyası hansı səviyyədədir? D seriyasında oynayaraq praktikanı artıracaqsan?
- D və C seriyaları deməl olar ki, oxşardır, eyni səviyyədədir. Hər oyuna 2-3 min azarkeş gəlir. Burada oynamaq 2004-cü il təvəllüdlü futbolçu üçün yaxşıdır. İtaliyada bütün A seriyasından B seriyasına qədər olan klubların futbolçuları icarə əsasında D seriyasında oynayır. Bu liqada daha çox oynayırsan, daha çox şey öyrənirsən. Bu mənada, gənc futbolçu üçün D seriyasında oynamaq yaxşıdır. 

- Maraqlıdır ki, məxsus olduğun "İmoleze" klubu da D seriyasında iştirak edir. Mövsümün sonunda bu komandaya qayıdacaqsan? Ümumiyyətlə, səninlə "İmoleze" rəhbərliyi, məşqçiləri maraqlanır ?
- Bəli, mövsümün sonunda "İmoleze"yə qayıdacam. Biz ötən il C seriyasında qalmaq üçün oynayırdıq. Mən həmin vaxtı "İmoleze"in əsas komandası ilə məşq edib, əvəzedicilərdə oynayırdım. "İmoleze" komandasının əvəzedici heyəti "Primavera 2"də oynayır. Bu da çox yaxşı liqadır. İtaliyada 8 Primavera liqası var. Onun ikincisində oynamaq mənim üçün çox yaxşı idi, yaxşı təcrübə qazandım. 

- Azərbaycan U-19 və ya U-21 yığmasına dəvət almısan?
- Bundan qabaq millidə oynamışam. Aşağı yaş qruplarından ibarət yığmalarına dəvət etmişdilər. Məni tanıyırlar, sağolsunlar maraqlanırlar. Məqsədim özümü burada yaxşı tərəfdən göstərib və burada qalıb. Milliyə isə hər zaman kömək etməyə hazıram. Çünki burada böyümək mənim üçün üstünlükdür. 

- İtaliya D seriyasında oynayaraq A milliyə düşmək mümkündür? Məsələn, ən azından Canni De Byazi italiyalı idi, onun özü səninlə maraqlanırdı?
-  İndiki əsas millimizin baş məşqçisi Arif Əsədovdur. O, Azərbaycan futbolu üçün dəyərli insandır. Bir futbolçu kimi ona hörmətim böyükdür.

- Ümumiyyətlə, səncə U-21 yığmasına və ya əsas milliyə güc qata bilərsən? Fərq yarada bilərsən?
- Allah qoysa, bizim millimiz də qonşu Gürcüstan yığması kimi Avropa çempionatına vəsiqə qazanar. Bunun bir gün baş verəcəyinə inanıram. "Qarabağ"ın uğurları ilə fəxr edirəm. Hətta komanda yoldaşlarım da həmişə "Qarabağ"da və Qurban Qurbanovdan danışırlar. Onlarla bu komanda müzakirələr aparırıq.

- Bəs, İtaliyada A seriyasına qədər yüksəlmək nə dərəcədə realdır? Heç imkanın olub ki, A seriyası və ya B seriyası klublarına yüksələsən?
- İtaliyaya A seriyasında oynamaq məqsədi ilə gəlmişəm. Hələ də, məqsədimi dəyişməmişəm. Allah qoysa, bu yolda əlimdən gələni edəcəm. İnanıram ki, alınacaq.

writer photo
Əlirza Əlirzalı
0