Regekampf: “Bundan da yaxşı oynaya bilərik”
18.02.2023 - 19:57
Regekampf: “Bundan da yaxşı oynaya bilərik”

“Qolların sayına və hesaba baxanda, yaxşı oyun oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının XXIII turunun “Səbail”lə görüşündən sonra mətbuat konfransında iştirak edib. O, matç barədə fikirlərini açıqlayıb: “Amma bilirəm ki, bundan da yaxşı oynaya bilərik. Çoxlu epizodlar var ki, harada daha sürətli və ya sadə oynamalıyıq. Daha çox qapıya tərəf yönəlməliyik. Müdafiədə bəzi epizodlar var ki, daha ağıllı davranmalıyıq. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq. Ümid edirəm ki, bütün futbolçularım fiziki cəhətdən 100 faiz daha yaxşı olacaqlar. Bununla da onlar özlərini məşqlərdə daha yaxşı göstərəcək. Belədə, komandada keyfiyyət də artacaq və oyunçular daha yaxşı olacaq”.

- İlk penaltini Kenni Sayef yerinə yetirdi. Niyə Emin yox, o vurdu? 
- Mən bunu şərh etmək istəmirəm. Bizdə komandadaxili qaydalar var. Hamı bilir ki, penaltini kim vurur. Emin qərar verdi ki, penaltini Kenniyə versin. Əgər Kenni vurmasaydı, Emini cəzalandıracaqdım. Bu, çox sadədir.

- Qarşıdakı turda "Qarabağ"la oynayacaqsız. Onlar isə "Gent"lə səfər matçından qayıdacaq. Bununla bağlı hər hansı planınız var?
- "Qarabağ" bu cür məsələlərə öyrəşib. Böyük təcrübəyə malikdirlər. Əminliklə deyə bilərəm ki, bizə qarşı yaxşı oynayacaqlar. Azərbaycan və hamı üçün istəyərdim ki, "Qarabağ" növbəti mərhələyə adlasın. Bu, futbol, imic və hər şey üçün çox vacibdir. Hansısa bir plan etməyə ehtiyac yoxdur. Bizim üçün çətin olacaq. Ümid edirəm ki, onlar üçün də çətin olacaq. Qələbə qazzanmaq istəyiriksə, rəqibə problemlər yaratmalıyıq. Aqressiv və daha sürətli oynamalı, müdafiədə diqqətli oynamalıyıq. Bugünkü oyunla müqayisədə, "Qarabağ"la daha yaxşı oynamalıyıq. Əgər pozitiv nəticə istəyiriksə, bu mümkündür. Komandamızda yaxşı oyunçular var. Həmin oyuna yaxşı hazırlaşacağıq. Mən bu cür oyunları çox bəyənirəm. Belə çağırışları sevirəm. Ümid edirəm ki, səfərdə "Qarabağ"a qarşı yaxşı oynayıb, qalib gələcəyik.

- Eyni heyətlə oyunlara çıxmağınız "Neftçi"ni asan bilinən rəqibə çevirmir ki?
- Məncə, rəqiblər üçün daha da çətin olacaq. İlk dəfədir ki, bütün oyunçular sərəncamımdadır. Oyunçular bir-birini tanımağa başlayıb. Meydanda nə etmək lazım olduğunu artıq bilirlər. Vacib amil budur ki, nbirlikdə oynamağa daha çox şans əldə etsinlər. Bu günə kimi bu cür halla rastlaşmamışdıq. Zədəlilərə görə belə idi. Əvvəldən bizi fərqləndirən budur. Zədəlilərimiz çox idi deyə, oyunlara bütün hamı ilə çıxa bilmirdik. Rəqiblər də bizi analiz etməlidir. Biz də artıracağıq, yeni nələrsə edəcəyik. Əlimizdən gələni edəcəyik ki, rəqibin müdafiəsini yaraq.

Qeyd edək ki, paytaxt derbisində “Neftçi” 3:0 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0