“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf klubun rəsmi televiziyasına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXVI turunun “Şamaxı” ilə səfər oyununa hazırlıq və matçdan gözləntiləri barədə danışıb:
- Hazırlıq prosesi necə gedir?
- Bu gün hava çox yaxşıdır. Hazırlıq da çox yaxşı gedir. Bütün oyunçular sərəncamımdadır. Son turda yaxşı oyun göstərdikdən sonra növbəti tura hazırlaşırıq. İstəyirik ki, davamını gətirək.
- Şamaxıdakı süni örtüklü meydança komandanın oyununa təsir edə bilər?
- Biz oradakı meydança haqda düşünmürük. Özümüzü hazırlayırıq ki, qələbə qazanaq. Ora gedərək səviyyəmizi ortaya qoyaraq, bacardığımızı göstərməliyik. Düzdür, normal örtük deyil. Amma göstərməliyik ki, orada qalib gəlmək istəyirik.
- Arzuladığınız "11-liy"i özünüzdə aydınlaşdırmısınız?
- Bir neçə dəfə demişəm ki, bundan öncə belə şansım yaranmamışdı. Zədəli oyunçular və komandada olan problemlər var idi. İndi hər şey qaydasındadır. Bütün oyunçular bizimlədir. Bu da nəticəyə öz təsirini göstərir.
- "Turan Tovuz"la matçdakı "11-liy"i "Şamaxı"ya qarşı da görəcəyik?
- Baxacağıq. Ataa Caberin zədəsi məni üzür. Ancaq futboldur, belə şeylər olur. Ümid edirəm ki, tezliklə bərpa ediləcək və bizimlə olacaq. Belədə, orta mövqedə də variantlarımızdan biri olacaq. Sezar Meza Kollinin qol vurmasına sevinirəm. Yaxşı da futbol oynadı. Başa düşməliyik ki, 7 aylıq zədədən sonra qayıdıb. Bir period ola bilər ki, onun səviyyəsi əvvəlki səviyyədə olmasın. Bunun üzərində işləyirik. Çünki Mezanın hansı keyfiyyətlərinin olmasını bilirik. Ona inanıram. Güvəndiyimi də hər məşqdə göstərirəm. Ümid edirəm ki, belə də, davam edəcək.
- Yeni transferlər komandaya tam uyğunlaşıblar, yoxsa bir az da zamana ehtiyac var?
- Bütün futbolçular artıq komandaya öyrəşiblər. Onların hər biri göstərdi ki, "Neftçi"də oynamaq üçün səviyyələri yetərlidir. Deyə bilərik ki, səviyyəmiz bir az da artıb. Ümid edirəm ki, mövsümün sonuna qədər zədəsiz bitirərlər.
Qeyd edək ki, “Şamaxı” – “Neftçi” görüşü martın 12-də keçiriləcək. Qarşılaşma saat 15:00-da başlayacaq.