“Solomon təlim-məşq toplanışında bizimlədir. O, çox yaxşı futbolçudur”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yeni transfer Solomon Kvirkveliya haqda danışarkən deyib.
Rumıniya mətbuatına açıqlama verən 47 yaşlı mütəxəssis Kvirkveliya uğrunda mübarizədə sabiq klubu “Styaua”ya qalib gəlmələrinə də aydınlıq gətirib. Regekampf rumınların Gürcüstan millisinin mərkəz müdafiəçisi ilə maraqlanmasından xəbərsiz olduğunu söyləyib: “Styaua”nın və ya Rumıniyadan başqa bir klubun onu istədiyini bilmirdim. Çünki Kvirkveliyanın ucuz oyunçu olduğunu düşünmürəm. Mən Rumıniyada olanda “Styaua”nın prezidenti Gigi Becalinin onun adını çəkdiyini xatırlamıram. Bu keçidin bizə neçəyə başa gəldiyini bilmirəm, çünki mənim işim deyil. Amma Solomonu Gürcüstan millisinin heyətində Bolqarıstan və Şimali Makedoniya ilə iki oyunda izləyərək bəyəndim. Bu, 196 sm-lik təbiətin gücüdür. Ümid edirəm və istəyirəm ki, bizə köməyi dəysin. Çünki beynəlxalq təcrübəsi var, son dərəcə vacib futbolçudur”.
Qeyd edək ki, “Neftçi”yə Gürcüstan klubu “Qaqra”dan keçən Solomon Kvirkveliya bakılılarla 2 illik müqavilə bağlayıb.