Regekampf: “Qarabağ"la oyundan sonra səviyyəmizi biləcəyik” - MÜSAHİBƏ
24.02.2023 - 12:25
Regekampf: “Qarabağ"la oyundan sonra səviyyəmizi biləcəyik” - MÜSAHİBƏ

“Bizim üçün çətin matç olacaq. “Qarabağ”a qarşı oynayacağıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf klubun televiziyasına deyib.

O, Misli Premyer Liqasının XXIV turunun “Qarabağ”la Azərbaycan derbisinə hazırlaşan “ağ-qaralar”ın bugünkü açıq məşqindən əvvəl açıqlama verib. Rumıniyalı mütəxəssis hazırlıq və qarşıdakı matç barədə danışıb: “Onlar Konfrans Liqasının oyunundan qayıdıblar. Yüksək motivasiyalı olacaqlar. İstəyirdim ki, onlar qalib gələrək növbəti mərhələyə adlasınlar ki, daha rahat olsunlar. Nəticəni bilirik, ona görə də, derbi bizim üçün daha da çətin olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Ən yaxşısını etmək istəyirik”.

- Dörd oyundur ki, stabil olaraq eyni heyətlə meydana çıxırsınız. Bu heyətlə “Qarabağ"a qarşı oynayacaqsız?
- Axırıncı oyundan sonra bəzi problemlər var. Onu aradan qaldıra bildik. Kilan Lebon, Höccət Haqverdinin problemi var idi, məşq etmirdilər. Düzdür, Eddi İsrafilov da qayıdıb, amma hələ 100 faiz hazır deyil. Oyuna qədər üç günümüz var. Çalışacağıq ki, “Qarabağ”la oyun üçün ən yaxşı “11-liy”i seçək.

- Komandada vəziyyət necədir? Futbolçular tam olaraq “Qarabağ”la oyuna hazırdırlar?
- Düşünürəm ki, komandam hazırdır. Onlar oyuna daha da çox köklənməlidirlər. Son turda evdə oynadığımız oyunun daha da artığını “Qarabağ”a qarşı verməlidirlər. Əlbəttə ki, bunu edə bilsələr, öhdəsindən gəlsələr, bizim üçün pozitiv nəticə olacaq. 

- Bu mövsüm “Qarabağ”a hər iki görüşdə uduzmusunuz. Həmin məğlubiyyətlərdən nəticə çıxarmısız? “Azərsun Arena”da ən pis halda heç-heçəyə ümid edə bilərsiniz?
- Biz hər oyunda qalib gəlmək istəyirik. Uduzmaq istəmirik. Bilirik ki, “Qarabağ”a qarşı keçirilən son iki görüşdə uduzmuşuq. Çalışacağıq ki, daha yaxşı oynayaq.

- Ardıcıl dörd oyundur ki, top buraxmırsınız. Müdafiə və qolkiper inamlıdır. Bu haqda fikriniz necədir?
- Bu oyundan sonra səviyyəmizi biləcəyik. Ümid edirəm ki, bu matçda da qapımızda qol görmərik və bu yolda da yolumuza davam edərik.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması fevralın 27-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0