“Zenit”lə keçirilən yoxlama görüşündə “Neftçi”ni kapitan sarğısında meydana çıxaran Rəhman Hacıyev matçdan sonra jurnalistlərə müsahibə verib.
Apasport.az saytı həmin müsahibəni təqdim edir:
-“Zenit”lə ikinci oyununuz oldu, Rusiyada məğlub olsanız da evdə qalib gəldiniz. Həmin oyunları necə müqayisə edərdin?
-Məncə, yaxşı oyun alındı. Komandamız bu dəfə fərqli futbol oynadı. Biz “Zenit”lə görüşdə pas futbolu oynamağa çalışdıq. Oyuna hazırlıq zamanı da bunun üzərində işləyirdik. Hər halda, belə oynamağa davam eləsək, yaxşı alınacaq.
-Adrian Mutu oyundan sonra bildirib ki, “Neftçi”nin “Zenit”ə qarşı oynadığı kimi çempionatda oynaya bilməməsinin səbəbini özü də bilmir. Sən bunu nə ilə əlaqələndirirsən?
-Bilirsiz, liqadakı matçlarda çox xal itirmişik. Belə olanda, komanda sanki aşağı doğru gedir. Ondan sonra qalxmaq isə asan məsələ olmur. Hər futbolçu anlamalıdır ki, belə vəziyyətə düşmüşüksə, birlikdə də qalxmalıyıq. Məncə, bizə 2-3 qələbə lazımdır ki, vəziyyəti xeyrimizə dəyişək. İnanıram ki, bu vəziyyətdən çıxacağıq. Məşqçilər korpusu, komanda yoldaşlarıma güvənirəm.
-Rumıniyalı matçdan əvvəl demişdi ki, “Zenit”ə qarşı matçın əass məqsədi Premyer Liqadakı “Araz-Naxçıvan”la oyuna hazırlıqdı. Effektli oldu?
-“Zenit”ə qarşı matç yaxşı alındı. Qalib gəldik. Rəqib böyük komandadır. Hər halda, qələbə də bizə özünəinam qazandırdı. “Araz-Naxçıvan”la matça hazırlaşacağıq. Çalışacağıq ki, uğurlu nəticə əldə edək.
-“Zenit”lə görüşə komandanı kapitan kimi çıxarmışdın. Yəqin ki, sənin üçün yaddaqalan anlar olacaq?
-Orası elədir. Bu cür məsuliyyəti mənə veriblərsə, öz adıma yalnız fəxrolunası məqamdır. Bilirsiz, Emin Mahmudov və Eddi İsrafilov millinin düşərgəsindədir. Onlar bizim birinci və ikinci kapitanımızdır. Hər ikisinin yoxluğunda üçüncü kapitan kimi komandanı meydana mən çıxardım. Qürur duyuram. Lakin fikrimcə, vacib məqam kapitanlıq deyil, komandanın qazandığı nəticədir.
-Maraqlı məqam odur ki, “Zenit”lə matçda qolları Rusiyadan olan legioneriniz vurdu. Təsadüf olduğunu demək mümkündür?
-Xeyr, təsadüf deyil. Reziuan Mirzov istedadlı və olduqca yaxşı futbolçudur. Onun bu cür qolları da olub. Ona görə də, “Zenit”lə görüşdəki qollarına təsadüf demək doğru deyil. O, istədi və istəyinə görə fərqləndi. Özü də, Mirzov iki qol vurdu. Təsadüfi olsaydı, bir dəfə olardı. Amma o, bunu iki dəfə etdi axı. İnanıram ki, çempionatda da qollarını vurar.
-Ruslan Abışov futbolçu karyerasını rəsmən başa vurdu. Onu yola salanlardan biri sən oldu. Bu haqda nə deyəcəksən?
-Elə hisslərdir ki, onu yalnız yaşayan insan bilər. Ancaq Ruslanın içində keçirdiyi hissləri hardasa təsəvvür edə bilirəm. Hər halda, ömrünü futbola verirsən, müəyyən yaş dönəmindən sonra karyeranı başa vurmaq asan məsələ deyil. Hətta çətindir. Təsəvvür etmək istəmirəm, çünki edə bilmirəm. Bu haqda düşünmürəm. Lakin nə vaxtsa hamımız aktiv futbolçuluq karyerası ilə vidalaşmalıyıq.