"Yaxşı oyun oldu. Çox yaxşı başladıq. Başlanğıcda daha çox aqressiv olmalıydıq. Şanslarımızdan istifadə etdik. Necə hazırlaşmışdıqsa, nə etmək istəyirdiksə, etdik. Oyunçularımı təbrik edirəm".
Apasport.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Azərbaycan Premyer Liqasının XXV turunda "Turan-Tovuz"u 4:0 darmadağın etdikləri görüşdən sonra deyib.
– Bu gün 4:0 hesabı ilə qalib gəldiniz. Bir aydan sonra onlarla kubokda qarşılaşacaqsınız. Futbolçularda arxayınçılıq yarana bilər?
– Yox, belə olmayacaq. Biz gücümüzü ortaya qoyduq. Biz ora gedəndə rahat, asan oyun olacağını, döyüşmək lazım olmayacağını düşünməli deyilik. Hamı bilir ki, kubok matçıdır, fərqli olacaq. Kubokun ilk matçına hələ çox var. Ona görə də qarşıdan gələn matçlara köklənməliyik.
– Azər Əliyevi hansı mövqedə görəcəyik?
– Kilan Lebon vingerdir. Vingerin cərimə meydançasına daxil olmasından sonra sol cinah müdafiəçisinin irəliyə getməsi normal haldır. Son oyunlarda futbolçuları öz mövqeyində oynatmağa çalışırıq. Heyətə baxdıqda zədəli oyunçularımız yox idi, hamısı əlimizdə idi. Ona görə də bir neçə matçda eyni heyətlə oynamaq şansımız yaranır. Yaxşı oyunçularımızın iştirak etməsinə görə məşqlərin də səviyyəsi artmaqdadır. Sevinirəm ki, Sezar Metsa Kolli qayıtdı, qolunu vurdu. Eddi İsrafilov da bizimlədir, oynayır. Kenni Sayef, Mateus Saldanya, Kilan Lebonda top olanda təhlükəlidir. Emin Mahmudov yenidən qol vurmağa başladı. Biz də görürük ki, oyunumuz yaxşılığa doğru gedir.
Azər Əliyevə gəlincə, o bu gün yarımmüdafiəçi kimi oynadı. Çünki o mövqedə oynaya bilir. Ona görə də Azər Salahlını sol cinaha buraxdım. Variantlarımız çoxdur. Hər zaman dəyişiklik olduqda yerli oyunçular barədə də fikirləşməliyik. Ki, onlara şans verək, oynasınlar, səviyyələri qalxsınlar.
– Emin Mahmudovun formasını tam bərpa etdiyini söyləyə bilərik?
– Emin problemləri barədə sizə danışmışdı. O, təlim-məşq toplanışında zədələnmişdi, xüsusi müalicə almalıydı. Məşq də etmirdi. Ona görə də performansında eniş var idi, əvvəlki kimi görünmürdü. Amma son zamanlar məşqləri və oyunları ağrısız keçir. Siz də real Emini görmüş olursunuz.
– Ancaq onun müqavilə məsələsinə görə əhvalının yerində olmadığı iddia edilirdi. Gedən söz-söhbətlərə məşqçi kimi mövqeyiniz necədir?
– Siz onun qardaşısınız? Ailə üzvüsünüz? Bəzi şeyləri mənə əminliklə deyirsiniz. Biz burada gəzən söz-söhbətləri danışmalı deyilik. Gəlin, reallıqlar, rəsmi məsələlər haqda danışaq. Bəlkə də, doğru deyirsiniz. Bu danışıq futbolçu və “Neftçi” arasında gedir. Sizi əmin edə bilərəm ki, Emin komandada qalmaq istəyir. Onun “Neftçi”də qalması mənim də böyük arzum və istəyimdir. O, peşəkar futbolçudur. Karyerası ərzində bu cür anlarla çox rastlaşıb. Bu haqda çox danışmamalıyıq. Stress də, xoşbəxt də, üzgün də ola bilərsən. Amma bu, bizim həyatımızdır, nə edə bilərik? Hər gün futbolçularlayam, onlarla keçirdiyim vaxtdan zövq alıram. Ümid edirəm ki, həm mən, həm də komanda üçün Emin yeni müqavilə imzalayar. Amma nə olacağını bilmirik. Futbolda hər şey baş verə bilər. Ona görə futbol mükəmməldir. Fanatlar başa düşməlidir. Eminin üzərində bu qədər təzyiq yaratmaq lazım deyil. Eminin həm özü, həm də ailəsi üçün ən yaxşı qərar nədirsə, onu seçmiş olacaq. Necə ki, biz də bunu edirik.
– “Bakcell Arena”da ardıcıl 5-ci qələbəniz oldu. Bunun xüsusiliyi var?
– Bu bizim üçün pozitiv haldır. Oyunlar haqda danışanda qol vuranlar, hücumda kimin necə iştirak etməsi barədə danışılır. Amma daha da vacib olan amil odur ki, qapımızda qol buraxmırıq. Bu çox vacibdir. Çünki bu sənə inam və qol vurmaq üçün şanslar verir. Ona görə də xoşbəxtəm və sevinirəm ki, “Bakcell Arena”dakı oyunlarda qol buraxmırıq. Ancaq məşqlərdə bunun üzərində çox çalışırıq.
– Komandaya qışda gələn Höccət Haqverdi, Kilan Lebon və Mateus Saldanya “Neftçi”ni gücləndirib. Vato Arveladze haqda nə düşünürsünüz?
– Vatoya ümidim böyükdür. Son zamanlar komandamda elə oyunçu görmürəm ki, topla bu qədər rahat hərəkət edir. Daha çox dərk etsə ki, öz mövqeyi uğrunda daha çox mübarizə aparmalıdır. Bəzən elə məqamlar var ki, indi etdiyindən daha çoxunu etməlidir. Vato mükəmməl oyunçu ola bilər. Keyfiyyət, xarakteri var. Son 2-3 ilə nəzər yetirsək, çox vaxt zədəli olub. Ona görə vaxta ehtiyacı var.