“Futbolçularımı təbrik edirəm. Bu gün çox əziyyət çəkdilər".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la keçirilən cavab oyunu barədə danışarkən deyib.
Bakıda rəqibi ilə bərabərə qalan (1:1) Azərbaycan çempionu “Ferensvaroş”u Macarıstanda 3:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib və Çexiya təmsilçisi “Viktoriya”ya (Plzen) rəqib olub.
Oyunsonrası mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Komandamız bu gün qalib gəlmək istəyirdi. Kimsə düşünə bilər ki, rahat qalibiyyət əldə etdik. Ancaq çox əziyyət çəkdik. Çox yaxşı komandaya qarşı oynadıq. Hesab tam əksinə də ola bilərdi. Çünki rəqibin də qol imkanları oldu. Futbolçularımın hər birini qucaqlayıram".
- Avropa Liqasının qrupunu artıq təmin etdiniz. Minimum hədəfə çatdınızmı?
- Dəfələrlə demişəm ki, daha da irəli getmək üçün nə qədər şansımız varsa, bundan maksimum yararlanmalıyıq. Rahat olsaq və desək ki, eybi yox, Avropa Liqasının qrupunu artıq təmin etmişik, onda məğlub olarıq. Hər il belə qalibiyyətlər əldə etmək olmur. Qrupa düşmək şansımız varsa, bundan maksimum yararlanmağa çalışacağıq.
- Bakıdakı matçda böyük ajiotaj var idi. Növbəti ev matçının Bakı Olimpiya Stadionunda keçirilmə ehtimalı varmı?
- Bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmişik. Bəlkə indiki məqamda stadion dəyişmək düzgün olmaz. Amma yenə də bunu Bakıya çatandan sonra müzakirə etmək olar.
- Belə düşünmək olar ki, taktiki baxımdan rəqibin baş məşqçisi Stanislav Çerçesovu üstələdiniz?
- Rəqibin baş məşqçisinə böyük hörmətim var. Bacarıqlı və böyük potensialı olan məşqçidir. Onun futbolçu və məşqçi karyerası məndən üstündür. Bu gün deyə bilmərəm ki, Çerçesova taktiki baxımdan qalib gəldik. İdman elədir ki, eyni komanda həmişə qalib gəlmir. Futbolçularım bu gün qələbəyə layiq idilər. Çünki çox istəyirdilər. Sabah istənilən təcrübəsi aşağı olan məşqçi mənə də qalib gələ bilər. Bu üzdən belə düşünmürəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb, yaxşı sistemləri var. Bu cür ifadə işlətməyim doğru olmaz.
- Kadi Borqesi matçın ən yaxşısı saymaq olar?
- Hər bir futbolçunun sağlam olması məşqçi üçün üstünlükdür. Bəzi lider futbolçular var. Hər bir futbolçunun üzərinə düşən tapşırıq var. Kadi də bu gün çox yaxşı çıxış etdi. Mənim üçün hamı Şahruddindir, Ramildir, Zubirdir. Heç kimi ayırmaq istəmirəm.