2022-nin idmançısı ilin ilk yarışını niyə buraxdı? – AÇIQLADI
05.02.2023 - 23:54
2022-nin idmançısı ilin ilk yarışını niyə buraxdı? – AÇIQLADI

"Xorvatiyaya gəlsəm də, güləşə bilmədim. Bu, Bakıda olarkən son 2 gündə aldığım zədə ilə bağlıdır".

Bunu apasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli deyib.

2022-ci ilin ən yaxşı idmançısı bildirib ki, çiynindən zədə aldığı üçün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Qran Pri yarışında güləşə bilməyib. Halbuki, 55 kq-da o da sifariş olunmuşdu. Əzizlini dinləyək:

"Çiynimi dartdım. MRT etdirdik. Onun nəticəsindən məlum oldu ki, çiynim çıxmağa çox yaxın imiş. Ona görə də həkimlər məsləhət gördü ki, heç olmasa 7-8 gün güləşməyim".

30 yaşlı güləşçi Zaqrebdə başlayacaq təlim-məşq toplanışında iştirak edəcəyini bildirib: "Sabahdan burada təlim-məşq toplanışı başlayır. Çiynimi qoruya-qoruya yavaş-yavaş məşq edəcəyəm".

Qeyd edək ki, güləşçilərimizin 2023-cü ildə ilk ciddi sınağı da məhz Xorvatiyanın paytaxtı Zaqrebdə olacaq. Milli komandalarımız 17-23 aprel tarixlərində Avropa çempionatında mübarizə aparacaq. 

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0