"Biz oyunu özümüz çətinləşdirdik. İlk yarıda sürətli oynamırdıq. Əks-hücumda rəqibə imkanlar yaradırdıq. Biz bilirdik ki, bu oyunlar belə şeylər baş verir. Oyunçularla bu haqda danışmışdıq. Şanslarımız yarandıqda, qola çevirsəydik, oyun daha da açıq keçərdi və hər şey istədiyimiz kimi bitərdi. Qol vurduq, geridönüş yaratdıq. 2-ci qolu vurduqdan sonra dərhal top buraxdıq. 3-cü qolu da vurduq, oyundankənar vəziyyət var idi. Sonda da belə hesab oldu. Gözlədiyimiz oyun olmadı, amma irəliyə baxırıq. Fasilə yaranacaq, çalışacağıq ki, daha yaxşı hazırlaşaq. Oyunçularımızın arxasında dayanaraq, onlara özünəinam vermək istəyirik".
Apasport.az-ın xəbərinə görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Azərbaycan Premyer Liqasının XXVII turunun "Kəpəz"lə matçından (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
– 3-cü qol vurulanda ofsayd olmadığına dair reaksiya verdiniz. Baxdınız təkrara?
– Arxamızda tribunada hamı deyirdi ki, təmiz qoldur. Ola bilsin ki, referidən fərqli görürük. Amma bunu şərh etmək istəmirəm. Sadə epizod idi. Görə bilərdi. Elə də çətin qərar deyildi. Bir epizodda ki, oyunçu iştirak etmirsə, ona görə qərar verə bilməzsən. Ömər Buludov içəri qaçdı, amma top ondan arxada idi, topa aidiyyatı yox idi. Amma onlar belə qərar verdi.
– Sona 7 tur qalıb. "Sabah"a çatmaq şanslarınızı necə dəyərləndirirsiniz?
– Dediyiniz kimi, qarşıda 7 tur var. Oyunçulara, komandaya inanıram. Onlara çatmağa potensialımız var.
– 3-cü dövrədə "Sabah"dan başqa heç bir komandadan 2 qol buraxmamışdınız. Bu vəziyyət sizi narahat edir?
– Doğrudur. Biz bu haqda danışmışıq. Bayaq dediyim kimi, rəqibə çoxlu şanslar vermişik. Rəqibdən daha aralı dayanırdıq. Hətta irəlidə istədiiymiz alınmasa da, arxada kompakt, bir-birimizə yaxın dayanmalıyıq. 3-4 gündən bir oyun olanda, problemlər yaranacaq. Eyni aqressivlik olmur. Elə oyunçular da yoxdur ki, yorulanları əvəzləyək və meydana daxil olandan sonra fərq yaratsınlar. Son oyunda süni meydançada oynadıq. 3 günümüz var idi ki, futbolçuları bərpa edək. Bu günlər ərzində yalnız dünən məşq etdik və bu gün oyuna çıxdıq. Bəzi oyunçular üçün daha çətindir. Bu şəraitdə belə evdə oynayırdıq. Bu gün onlar qalib gələ bilərdilər.
– Qurban Qurbanov "Qalatasaray"la oyun üçün 2-3 futbolçuya ehtiyacları olduğunu və digər klubalrımıza müraciət edəcəklərini bildirib. "Neftçi" bu köməyə hazırdır?
– Bizim özümüzün də yoxlama oyunumuz var. Proqramımız var. Əsas heyətdən 6-7 oyunçular var ki, millidə olacaqlar. İstədiymiz proqramla davam etmək üçün U-19-dan oyunçular cəlb etdik. Hər komandanın öz proqramı var. Düşünürəm ki, bu cür addım atmaq çətin olar. Təsəvvür edin ki, oyunçularımız gedəcək, başqa komandalar üçün oynayacaq, zədə alacaq. Ödənişləri kim edəcək? Düşünürəm ki, bu, mümkün deyil.
– Solomon Kvirkveliya və Voyislav Stankoviç bütün görüşlərdə əvəzolunmadan oynayırlar. "Kəpəz"in sürətli hücumları qarşısında çətinlik çəkdilər. Avrokuboklarda necə olacaq?
– Harada səhv olduğunu bilirik, nəyin üzərində işləməli olduğumuzu da həmçinin. Futbolçularımı burada tənqid etmək istəmirəm. Oyunu analiz etdikdən sonra bu mövzu haqda danışacağam. Solomon Kvirkveliya və Voyislav Stankoviç bizim üçün vacib oyunçulardır. Həm də çox təcrübəlidirlər. Sürətli olmasalar da, təcrübə hesabına vəziyyətə hakim ola bilirlər. Qarşıda bir neçə oyunumuz var. Çalışacağıq ki, onlara köklənək.