"Bu cür meydanda oynamaq çətin olur. Komandamı 3 xal münasibəti ilə təbrik edirəm".
Apasport.az-ın xəbərinə görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf deyib.
O, Azərbaycan Premyer Liqasının XXVI turunun "Şamaxı" ilə səfər matçından (1:0) sonra mətbuat konfransına çıxıb:
– Oyununuzdan razı qaldınız?
– Bu cür oyunları analiz etməyəcəyəm. Çünki bu oyun üçün atmosfer belə idi. Müdafiəyə qapanıb, əks-hücumlara çıxan komandaya qarşı oynamaq asan deyil. Növbəti oyunlara baxıb, gələcək oyunlara hazırlaşmalıyıq.
– Meydança oyununuza nə qədər təsir etdi?
– Futbol oynamaq istəyən komanda üçün bu cür meydança üstünlük deyil. Çünki dönmələr çətin olur. Hərəkətlər, hər bir şey normal meydançadakı kimi baş vermir. Sürət də həmin sürət olmur. Mövsümboyu təbii örtüklü meydanda məşq edən komandanın sonradan bu cür meydançada oynaması çətindir.
– Sizə elə gəlmir ki, oyununuzla yox, rəqibin fərdi səhvi ucbatından qalib gəldiniz?
– Bu cür oyunlarda səhv normaldır. Topu yaxşı ram etmək olmur. Başqa şanslarımız da var idi ki, qol vura bilərdik. Düşünürəm ki, Mateus Saldanyanın epizodu qol olsaydı, oyun daha tez açılacaqdı və bizim üçün daha rahat olacaqdı. Rəqib daha açıq futbol oynamalı idi. Biz qol vurandan sonra onların qapıçısı hər topu dərhal oyuna daxil edirdi. İstəmirəm ki, rəqibin oyunçularını tənqid edim. Ancaq bu cür faktları qeyd etmək istəyirəm. Onlar üçün vacib olan qol buraxmamaq, bizə uduzmamaq idi. Bunu əldə etmək üçün hər şeyə hazır idilər. Bu, futbol oynamaq istəyən komanda üçün çətinliklər yaradır. Bu meydançada 1 qol buraxdınsa, çətin olacaq.
– Kilan Lebonu fasilədə əvəzlədiniz...
– Onun ayağında problem var idi. Həkim heyəti əlindən gələni etdi ki, o bu gün oynasın. Buna baxmayaraq, oyunun gedişatında ağrılar hiss etdi və rəqiblə birəbir epizodlara girə bilmirdi. Ona görə də fasilədə onu əvəzləməyə qərar verdim. Ümid edirəm ki, növbəti oyunlarda sərəncamımda olacaq.
– Vato Arveladze haqda nikbin fikirdəsiniz?
– Vato bizim üçün yaxşı seçimdir. Çox yaxşı məşq edir. Bu gün meydana çıxmağa layiq idi. Hər zaman belə şanslar olanda verəcəyik.