Rəşad Əzizli: "Niyə klubsuz qaldığımı anlamıram"
27.08.2024 - 16:01
Rəşad Əzizli: "Niyə klubsuz qaldığımı anlamıram"

Azərbaycan millisinin qolkiperi, ötən mövsümü "Qəbələ"də keçirmiş və hazırda klubsuz qalan Rəşad Əzizli apasport.az saytına müsahibə verib. O, klubsuz qalmasına münasibət bildirib.

- Premyer Liqaya hər halda baxırsan. Qapıçıların səviyyəsi necədir? Özünü onlardan zəif hesab etmirsən yəqin ki?
- Təbii ki, özümü heç kimdən zəif hesab etmirəm. Hamısı yaxşı qapıçılardır, hər birinə də uğurlar arzulayıram. Hansısa qolkiper haqda danışmağım düz olmazdı. 

- Səncə, nəyə görə hazırda klubsuzsan? 
- Bunu bir neçə dəfə soruşublar. Həqiqətən özüm də bilmirəm. Nəyə görə klubsuz qaldığımı anlamıram. Çünki oynadığım vaxtlarda da özümü ən yaxşı tərəfdən göstərmişəm. 

- Bir ara mətbuatda xəbər çıxmışdı ki, səni istəyən klublardan yüksək maliyyə tələb etmisən...
- Bu axı çox məntiqsiz məsələdir. Hər halda, hər bir futbolçu hansısa məbləğ qarşılığında oynayır. Mən də həmçinin. Amma bunun transferlərimə təsir etdiyini düşünmürəm. Hər halda, ötən mövsüm yaxşı performans göstərmişdim. 

- Artıq mövsüm davam edir. Səncə, bundan sonra təklif olacaq?
- Əlbəttə ki, hər şey ola bilər. Maraqlanan komandalar var. Sadəcə konkret bir şey yoxdur. Görək də,  yəqin ki, nəsə olar. Gözləyirəm. Çünki danışıqlar var. 

- Milli komandanın son toplanışına dəvət edilmişdin. Ancaq artıq klubsuzsan. Yəqin ki, qarşıdakı toplanışa dəvət olunmağın çətin olar?
- Hər zaman harada olmağımdan asılı olmayaraq ən yaxşısını etməyə çalışıram. Təbii ki, milli komandada yer almaq əladır, möhtəşəm hisslərdir. Dəvət gəlsə, sevinərək gedərəm. Necə olacaq hər halda görərik. Mən belə fərdi məşqlərimi edirəm, məşqsiz qalmıram. Çalışıram ki, daim hazır olum. 

- Ölkə xaricinə yollanmaq variantı yoxdur, yoxsa özün getmək istəmirsən?
- Bir-iki məsələ var idi. Ancaq sonradan heç nə olmadı. Ona görə də, həmin məsələ qaldı. Yerli klublardan da təkliflər var idi. Dediyim kimi, sadəcə gözləyirəm. Ümidvaram ki, yaxın vaxtlarda konkret bir şey olacaq və yeni komandam bəlli olacaq.

writer photo
Əlirza Əlirzalı
0