“2022-ci ilin martından etibarən Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyası ilə əməkdaşlığa başlamışıq. Bu proqram çərçivəsində 75 məşqçi imtahanlarda iştirak edir. İmtahanlar nəzəri və praktiki olur”.
Bunu apasport.az saytına müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.
O, BCF Akademiyası ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi ilə keçirilən məşqçilik kurslarından danışıb. Onun sözlərinə görə, builki hədəf 60-dan yuxarı sertifikatlaşmış məşqçiyə sahib olmaqdır:
“Digər ölkələrdən fərqli olaraq, məşqçilərin praktiki imtahana hazırlığı üçün 3 seminar təşkil etdik. Biz başa düşdük ki, 1 həftəlik seminarla praktiki imtahanın nəticələri yaxşı olmayacaq. Bunun nəticəsi olaraq ilk imtahan vermiş 36 məşqçidən 31-i keçdi. Bunlardan 1-i intizamsızlığa görə keçə bilmədi. Yoxsa say 32 də ola bilərdi. BCF Akademiyası ekspertləri intizama çox fikir verirlər.
Ümid edirik ki, bu həftə imtahan verəcək 40 məşqçi də uğurlu nəticə verəcək. Hədəfimiz odur ki, 60-dan yuxarı sertifikatlaşmış cüdo məşqçimiz olsun. Mart ayından daha 55 məşqçimiz bu proqrama qoşulacaq. İmtahandan keçən məşqçilərin hər birinin elektron ünvanına bu barədə məktub göndərilir”.
Səbuhi Musa