"Çox həyəcanlı, maraqlı oyunun şahidi olduq. Açığı, məyus olursan. "Qarabağ"la oyunda 0:2 geri düşmüsən, 3-cü qolu buraxsan, böyükhesablı məğlubiyyətə apara bilərdi. Halbuki oyun ortadaydı. Üstünlük rəqibdə idi, amma onlara qol şansı vermirdik. Təəssüflər olsun ki, 2-ci hissənin əvvəlində qollar buraxdıq. Hesabı bərabərləşdirəndən sonra 2 yüz faizli qol imkanımız var idi. Dəyişikliklərdən sonra daha çox pressinq etməyə başladıq. Yaxşı qol imkanları oldu. Təəssüf ki, istifadə edə bilmədik. Futbolçularıma təşəkkür etmək istəyirəm. "Qarabağ"la matçda 0:2-dən oyunu çevirmək, uduzmamaq... böyük ürək tələb edir. Bu gün onlar onu göstərdilər. Məni sevindirir. Qarşıdakı oyunlara baxacağıq".
Apasport.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXXI turunun "Qarabağ"la 2:2 başa çatan oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
– 0:2-dən sonra komanda ruhdan düşmədi. Qələbə üçün nə çatmadı?
– 2 qol epizodunda daha soyuqqanlı ola bilsəydik... Amma çətindir. Səfərdə "Qarabağ"la oynayırsan, 0:2-dən 2:2-ni əldə etmisən. 90+4-də qol epizodu əldə etmisən, orada stress etməmək mümkün deyil. Zərbə daha dəqiq getsəydi, qapıçı başqa küncə reaksiya versəydi, qol olardı. Bəlkə də ədalətli nəticə bərabərlik oldu. Çünki bilirik ki, 0:2-dən sonra "Qarabağ"la oyundan xalla ayrılmaq müşkül məsələdir. Futbolçularım bunu bacardı. Naşükürlük etmirik. Bu oyun fərqli nəticə ilə də bitə bilərdi. "Qarabağ" həmin dəqiqələrdə 3-cü qolu vursaydı, tam fərqli nəticə olardı. Şükürlər olsun ki, 1 xal qazandıq.
– "Qarabağ" hesabı 2:0 edəndə narahat oldunuz ki, böyükhesablı məğlubiyyət ola bilər?
– Təbii ki. Həmin vaxtlar 7:1-dəki oyuna bənzədi. O oyunda da 2-ci hissəyə çox passiv başladıq. Qol buraxdıq və futbolçular demək olar ki, təslim oldular, mübarizə aparmadılar. Psixoloji cəhətdən də çox pis təsir etdi. Həmin matç ən çox yada saldığım oyundur. Futbolçularla daim o oyun ətrafında danışırıq. Mübarizəni yarıda buraxmaq nə deməkdir, o oyunu nümunə gətirirəm. Bilmirəm o səbəb oldu, onu xatırlayıb mübarizəyə davam etdilər, yoxsa özlərinin daxilən aqressiyası, istəyi artdı... 1-ci qolu uğurlu və gözəl vurduq. Bu da futbolçulara motivasiya verdi. 2:0 hesabı elədir ki, 1 qol vurduqdan sonra psixoloji üstünlük sən tərəfə keçir. Ardı da gələ bilərdi. Hər halda, bu nəticəyə də şükür edirik.
– "Zirə"nin avrokuboklara yollanması "Neftçi"dən asılıdır. Sizcə, onlar "Turan Tovuz"u keçə biləcək?
– Avrokuboklara getməyin ən əsas yolu "3-lüy"ə düşməkdir. Ondan sonra artıq bu məsələlər ortaya çıxır ki, hansı komanda kuboku götürəcək, hansı komanda avrokuboklara yollanacaq. "3-lüy"ə düşmədikdən sonra onsuz da avrokuboklara vəsiqə sual altındadır. Xüsusilə də, "Sabah" və "Qarabağ" kimi favoritlərin kənarda qalmasından sonra kuboku hansı komandanın qazanacağı sual altındadır. Açığı, şəxsən mənə psixoloji cəhətdən çox təsir etmişdi. Qış fasiləsindən sonra çempionata başlayanda da qarşımıza məqsəd qoymuşduq ki, risk edib, 10 xallıq fərqi aradan qaldırmağa cəhd edək. Bir çox oyunlara sırf hücum etməyə çıxırdıq. "Neftçi" ilə səfər oyununa sırf hücum etməyə çıxırdıq ki, qalib gələk, xal fərqini azaldaq. "Qəbələ" ilə oyunda da hücum futbolu oynayırdıq ki, mütləq qalib gələk, 3-cülüyü tutaq. Təəssüflər olsun ki, buraxdığımız səhvlər, istifadə edə bilmədiyimiz qol epizodları arada belə böyük xal fərqi yaratdı. Ancaq sona qədər 4-cü yer uğrunda mübarizə aparacağıq. Lakin indi 4-cü yerin favoriti "Qəbələ"dir. Bizdən 1 oyun az keçiriblər, üstünlük onlardadır. Sona qədər mübarizə aparacağıq ki, 4-cü yeri tutaq və "Neftçi"nin kuboku qazanmasına ümid edək. "Neftçi" üçün "Turan Tovuz"a qarşı ağır və çətin oyun keçdi. Düşünürəm ki, cavab matçı da çox maraqlı mübarizə şəraitində keçəcək.
– Hamıya şans verirsiniz, amma Mirsahib Abbasov oynamır. Səbəbi nədir?
– Hamıya şans belədir ki, bunu ədalətli şəkildə edirik. Rəqabətə baxırıq, məşqləri, oyunları izləyirik. Ona uyğun da müəyyən qərarlar veririk. Məsələn, qış fasiləsinə qədər Rüstəm Əhmədzadə çox az şans alırdı. Amma bu dəqiqə əsas heyətin üzvünə çevrilib. Belə davam edərsə, daha çox oynamaq şansı alacaq. Bu, sırf rəqabətlə bağlıdır. Başqa səbəb yoxdur.