“Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
40 yaşlı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” ilə Təl-Əvivdəki cavab oyunu ərəfəsində matç barədə fikirlərini açıqlayıb: "İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq".
Qeyd edək ki, sabah keçiriləcək “Makkabi” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.