Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov apasport.az saytına müsahibə verib.
- Azərbaycan millisi Millətlər Liqasında Estoniya, Slovakiya və İsveçlə eyni qrupa düşdü. Səncə, millimiz bu qrupda hansı uğurları qazana bilər?
- Elə oyunlar var ki, uda da bilərik, uduza da bilərik. Rəqiblərimiz elə komandalardır ki, üçünü də udub, üçünə də uduza bilərik. İsveç millisi əvvəlki vaxtlarındakı formasında deyil. Slovakiya da həmçinin. Estoniyanı da o cür dəyərləndirmək olar. Biz onlardan daha yaxşıyıq. Məncə, bu dörd komandanın hər biri digərini məğlub edə bilər.
- Onda belə çıxır ki, qrup liderliyi mümkündür?
- Kağız üzərində hamı İsveçi favorit hesab edə bilər. Amma keçənilki oyunlarına görə deyə bilərik ki, Slovakiyanın da qrup birinciliyini əldə etməsi mümkündür. Estoniya da ola bilər, biz də. Həm İsveç, həm də Slovakiya eniş dövrünü yaşayır. Bəlkə də, futbolçu nəsli dəyişir, ya da psixoloji sarıdan yaxşı durumda deyildilər. Son oyunlarda pis görünürdülər. Ola bilər ki, indi tam fərqli olsunlar.
- Səncə, Vaqif Cavadov güclüdür, yoxsa Renat Dadaşov?
- Mən Vaqifi daha üstün bilirəm. Renat Dadaşov Almaniyada böyüyüb, oranın futbol məktəbini keçib. Əslində, o, beş qat daha güclü olmalıdır. Amma Vaqifin nəticələri Renatdan daha yaxşı olub. Bu səbəbdən də Vaqifi üstün hesab edirəm.
- Millinin baş məşqçi postu hələ də boşdur. Namizədin var?
- Bir az ağır məsələdir. İndiki vəziyyətdə kimi gətirəsən ki... Sabah nəticə verməsə, deyəcəklər onu da dəvət etdik alınmadı. Son 5-6 ildir ki, Azərbaycanda futbolçu qıtlığı var. Eşidirəm, bəzən jurnalistlər deyir ki, əvvəlki futbolçuların keyfiyyəti indikilərdən yaxşı idi. Mənim dövrümdə Rəşad Sadıqov, Vidadi Rzayev, Zaur Tağızadə var idi, az futbolçu yox idi. Hər il də yeni futbolçular çıxırdı. Ardınca Əfran İsmayılov, Rauf Əliyev, Maksim Medvedev gəldi. Ancaq indiki vəziyyətdə, həqiqətən, futbolçu qıtlığı var, oyunçu azdır. Bizim dövrümüzdə çox futbolçu var idi, Əfran İsmayılovgilin dövründə də az-çox var idi. Amma indi durum daha çətindir.
- Tez-tez Kurban Berdıyevin adı millimizlə hallanır. Səncə, o, millidə uğur qazana bilər? Qafqaz futbolunu yaxşı tanıyır...
- Bəziləri deyə bilərlər ki, yaxşı məşqçidir, digərləri pisləyə bilərlər. Hamı kimisə tərifləyə bilər. Məni də bu günləri baş məşqçi qoysunlar, 5-10 nəfər tutub məni tərifləsinlər, nəticə verməyəndən sonra deyəcəklər ki, nə oldu? Məşqçinin fəaliyyəti iş başında görünür. Milliyə gəlirsənsə, hamı nəticə istəyir. Akademiya deyil ki, uşaq yetişdirəsən. Bəzi məşqçilər gəldi, dedi ki, cavanlaşdırma aparıram. Milli cavanlaşdırma yeri deyil. Yığma çıxıb oyunu udmalı, nəticə qazanıb, xalqı sevindirməlidir. 38-40 yaşlı futbolçular millidə oynayır. Onlar deyir ki, millini cavanlaşdırırıq, 5 il gözləyin? Heç kim belə şey demir, heç kim də gözləmir. Ona görə də bu söhbətlərə pis baxıram. Hansı məşqçi gəlirsə, nəticə istəyəcəklər. Berti Foqts gəldi, hamı gözlədi, azərbaycanlı məşqçi olanda gözləyə bilmirlər? Allah qoysa, yeni baş məşqçimiz azərbaycanlı olsun. Onda təzyiqi o qədər etməyək, gözləyək. Bilmirəm, ola bilər legioner olar. Məncə, kim olursa-olsun millinin baş məşqçisinə hər zaman təzyiq olacaq. Çünki söhbət millidən gedir axı. Hamı nəticə istəyəcək, normaldır.