Rəşad Sadıqov: “Mübarizə daha çox idi” - VİDEO
05.11.2022 - 17:12
Rəşad Sadıqov: “Mübarizə daha çox idi”  - VİDEO

“Turnir cədvəlini nəzərə alsaq, hər iki komanda üçün vacib oyun idi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Misli Premyer Liqasının XIII turunun “Qəbələ” ilə görüşündən sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini açıqlayıb: “Hər iki komandanın futbolçuları meydanda mübarizə apardılar. Meydanda mübarizə daha çox idi. Hər iki komanda pressinq tətbiq etmək istəyirdi, rahat oynamağa imkan vermirdi. Oyunun bitəcəyini gözlədiyimiz məqamda meydanın mərkəzindən bir qol buraxdıq. Əgər bir matçda 93-cü dəqiqədə qol buraxırsansa, deməli, bu gün sənin qismətində məğlub olmaq idi. Çətin də olsa, məğlubiyyəti həzm edib, yolumuza davam edəcəyik”.

Sadıqov uzatma dəqiqələrində buraxılan həlledici qoldan da danışıb: “Açığı, isti-isti fikir bildirmək bir az çətindir. Amma meydanın mərkəzindən qol buraxırsansa, burada səhv-düz axtarmaq nə dərəcədə düzgündür? Çətin olsa da, 93-cü dəqiqədə qol buraxandan sonra hücuma atıldıq, künc zərbəsi qazandıq. Yüzfaizlik qol imkanımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik. Bu gün açıq-aşkar qismətimizə məğlub olmaq yazılmışdı”.

Mütəxəssis son turlardakı uğursuzluqlardan sonra durumu dəyişməli olduqlarını qeyd edib: “12-13 turu təhlil etsək, qələbə, məğlubiyyət, nəticələr trayektoriyası bir az qeyri-sabit olub. Bu gün biz əslində qələbə üçün oynayırdıq. Amma “Qəbələ”nin növbəti tur səfərdə “Neftçi” ilə görüşəcəyini nəzərə alsaq, heç-heçə də pis nəticə deyildi. Buna baxmayaraq, məğlub olduq. Hər iki komanda istəkli idi. Həm biz, həm rəqib qələbə də qazana, heç-heçə də edə bilərdi. Bu gün hər üç nəticə layiq olacaqdı. Amma indi son 4 oyundan üçündə məğlub olmuşuq. Bəlkə də bundan əvvəlki matçlarda məğlubiyyətə yaxın idik. “Sabah”la görüşdə qırılma nöqtələri var idi, “Neftçi”yə açıq-aşkar məğlub olduq. Amma bu gün ən azı 1 xala layiq idik. Lakin futbol elə odman növüdür ki, nə isə proqnoz vermək, tablodakı nəticəyə təsir etmək mümkün deyil. Ona görə də mütləq şəkildə nəticələrə köklənmək lazımdır. Həm xal ehtiyatımızı, həm turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalıyıq”. 

Baş məşqçi ötən tur kobud səhv edən Anar Nəzirovun əvəzinə bu dəfə meydana çıxan Mehdi Cənnətovun meydana çıxan qoldakı səhvi barədə suala cavab verib: “Anara cəza deyildi. Sadəcə belə səhvlərdən sonra hər futbolçu təzyiq altında qalır. Əsasən də qapıçı və mərkəz müdafiəçilər. Fikirləşdik ki, bu dəfə Cənnətova şans verək. Bu qərar Anarın ötən oyundakı səhvi ilə bağlı deyildi. Eynilə növbəti turu düşünəcəyik, rəqibi analiz edəcəyik. Məşqdəki performansına baxacağıq və ona uyğun kimin “11-lik”də yer alacağına qərar verəcəyik. Amma bu qərar qolla bağlı olmayacaq. Çünki Mehdi bu gün yaxşı oynadı. Uzun müddət zədəli idi. Bu gün yaxşı çıxış etdi, inamlı idi. Qol epizodu Ülvinin böyük ustalığı idi ki, mərkəzdən bunu gördü və dəqiqliklə zərbəni yerinə yetirdi. Bu arıq ustalıq idi və üç xal “Qəbələ”nin haqqı idi. Bu tip qolları daha çox ustalıqla bağlayıram. 50 metrdən 93-cü dəqiqədə qol vurmaq üçün ustalıq lazımdır. Soyunub-geyinmə otağında da söhbət oldu. Bizdə qələbə də, məğlubiyyət də bir yerdə qazanılır. Bu tip məğlubiyyəti həzm etmək çətindir. Başqa yolumuz yoxdur. Amma həzm edib yolumuza davam etməliyik. Qarşıda bizi vacib oyunlar gözləyir. Səhvi bir-birimizin üzərinə atıb vəziyyəti gərginləşdirmək olmaz”.

Qeyd edək ki, “Zirə” Qəbələdəki görüşdə 0:1 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0