“Oyun gözlədiyimizdən də ağır keçdi".
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XIV turunda “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis qarşılaşmanın ardından “CBC Sport” telekanalına açıqlamasında komandasının çıxışını dəyərləndirib: “Rəqibin son oyunlarını analiz etdikdə hücumda fəal olduğunu görürdük. "Sabah"la qarşılaşmada da ön xətdə rəqibə çətin anlar yaşatmışdılar. "Səbail"dən ehtiyat edirdik. Birinci hissəni daha yaxşı keçirdik. İkinci hissədə yanlış qərarlarla top itkiləri oldu. Bunu stresslə əlaqələndirirəm. Çünki turnir cədvəlindəki durum, ötən oyunda meydanın mərkəzindən qol buraxmaq futbolçularda təzyiq yaratmışdı".
Sadıqov qış fasiləsində heyəti gücləndirməyə çalışacaqlarını söyləyib: "Yayda bir çox istədiyim transferi həyata keçirə bilmədik. Mövqelər üzrə heyəti gücləndirmək istəyirdim, alınmadı. Heyətimiz geniş olmaması fonunda bəzi oyunçularımız da zədəli idi. Belədə sağ cinah müdafiəçimizi hücumda oynatmalı olmuşdum. Hər bir məşqçi kimi, mən də geniş heyətə malik olmaq istəyirəm"