Rəşad Sadıqov: "Sol cinahla bağlı ciddi sıxıntı yaşayırıq"
14.04.2023 - 21:21
Rəşad Sadıqov: "Sol cinahla bağlı ciddi sıxıntı yaşayırıq"

"Hərəkətli, sürətli oyunun şahidi olduq. Hər 2 komanda meydanda istəkli idi. Bizim üçün çox vacib olan qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Qarşıda bizi finala bərabər 6 matç gözləyir. Bu andan etibarən həmin oyunlara köklənəcəyik. Qələbəni qeyd etməyə, rahatlaşmağa vaxtımız yoxdur. Növbəti turda bizi səfərdə "Qarabağ"a qarşı vacib görüş gözləyir".

Apasport.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXX turunun "Səbail"ə 3:1 qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

– Fasilədə etdiyiniz dəyişikliklər oyunu dəyişdi. Bu haqda nə deyə bilərsiniz?
– Oyunun gedişatına diqqət yetirirdik. O mövqelərdə hücum potensialını gücləndirsək, daha effektiv ola biləcəyimizi düşündüm. Əslində hər zaman düşündüyün effektli olmur. Amma bu gün dəyişikliklər oyunu canlandırdı. İlk hissədə də yaxşı oynayırdıq. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkirdik. 2-ci hissədə daha böyük qüvvə ilə irəli atıldıq. Gözəl qollar vurduq. İnşallah davamı gələr.

– Qışda Ukraynadan gələn futbolçular bu gün xüsusilə yaxşı çıxış etdilər...
– Qış fasiləsində bu heyəti qurmağı planlaşdırırdıq. Amma təəssüf ki, 12-13 turdan sonra istədiyimiz heyəti meydana buraxa bildik. Yenə də itkilərimiz var idi. Kulaç gəldi, zədələndi. Eldarın keçid prosesi uzun çəkdi. Eynilə İbrahim gəldi, zədələndi, Qeryenin zədələnməsi... Belə hallar yaşadıq. Bəzən belə şeylər gözdən qaçır. Amma gedişata müəyyən mənfi təsir göstərir. Bu gün yenə hamı ideal formada deyil. 65-ci dəqiqədən sonra risk edib Kulaçı meydanda saxlamadım. Çünki əsas heyətdə ilk rəsmi oyunu idi. Ehtiyat etdim ki, zədələnər. Əvəzində meydana buraxdığım Paxtman zədələndi. Bunlar futbolun içində olan şeylərdir.

– Bu gün İssa Cibrilla müdafiənin sol cinahında oynadı. Onun oyununu necə dəyərləndirirsiniz?
– İssa universal futbolçudur. Daha çox hücumun cinahlarında oynayır. Hazırda sol cinahla bağlı ciddi sıxıntı yaşayırıq. Onu seçdik ki, soldan hucumlara aktiv qoşulaq. İlk oyunu idi, bir az həyəcanlı idi. Açıq-aşkar görünürdü. Buna görə dəyişikliyə getdik. Ümumiyyətlə onda potensial var. Diqqətli və istəkli olsa, sol cinahda oynaya bilər. Müasir futbolda Dani Alveş, Aleksandr Zinçenko kimi hücumameyilli oyunçuların cinah oyunçusuna çevrilməyinin şahidi olmuşuq. Gələcəkdə baxacağıq. Donald Qerye bizim üçün böyük itkidir. O mövqedə problem yaşayırdıq. Qerye ilə problemi aradan qaldırmışdıq. Amma uzun müddətli zədələndi. Məcburuq ki, bu problemlə mübarizə aparaq.

– İlk hissədə Eldar Quliyevin mümkün qırmızı vərəqə epizodunda hakim VAR-a baxmağa gedərkən etiraz etdiniz. Bu nə ilə bağlıdır?
– Həmişə istəyirəm hakimlikdən danışmayım. Yenə VAR-da Nicat qardaşım idi, "Kəpəz"lə matçda bizə 2 qırmızı vərəqə verən, "Neftçi" ilə oyunda VAR-da oturub Qeryeyə qırmızı verdirən. Bu gün də hakim epizodu açıq-aşkar gördüyü halda onu VAR-a çağırdı. Ola bilərdi ki, baş hakim həyəcanlanıb başqa qərar qəbul edərdi. Nicat İsmayıllı xüsusilə oyunlarımıza çox təyinat alır. "Sumqayıt"la matçda 100 faizlik epizodda hakimi VAR-a çağırmadı. Nədənsə bu il bizim qalmaqallı epizodların mərkəzində Nicatdır. Bu amil məni qıcıqlandırdı. Bilsəydim, oyundan əvvəl VAR-da kimin olduğunu soruşmazdım. Ümumən bu gün hakimlə heç bir dialoqum olmayıb. Oyuna köklənmişdik.

– Felipe Paxtman yenə zədələndi. Sanki bəxti gətirmir. Səbəb nədir?
– Bilmirik. Məşqlərdə çox yaxşıdır, hər şey qaydasındadır. Yetərincə ona istirahət verdik. Dünən də məşqdə çox yaxşı idi. Nə ilə bağlı olduğunu artıq bilmirəm. Bəlkə də stressdəndir. Belə bir şey var, stress adamı xəstələndirir, zədələnməsinə səbəb olur. Durumu sabah bəlli olacaq.

– 3-cü qapıçı Nail Alışova şans verib onu Azərbaycan futboluna qazandırmaq istəmirsiniz?
– Bu 3 il ərzində futbolumuza az futbolçu qazandırmamışıq. Yetərincə gənc futbolçular olub. İndi çempionatda elə perioddur ki, risk vaxtı deyil. Açığı, oyundan əvvəl ağlımdan keçirdi. Amma bu məqamda psixoloji cəhətdən nə qədər hazır olar deyə düşündüm. Belə bacarıq olaraq çox narahat deyiləm.

– Ruslan Abışova şans vermək haqda düşünmürsünüz?
– Bunun başqa bir səbəbi yoxdur. Sırf rəqabətlə bağlıdır. Kimi daha hazırlıqlı görürük, ona şans veririk. Ruslanda mikrozədələr az olmadı. Bu gün bizim yaxşı Ruslana ehtiyacımız var. Sadəcə olaraq həm rəqabətdir, həm də qapıçı və müdafiəçi mövqeyində qərar vermək çox çətindir. Çünki ən çox onlar təzyiq altında olurlar.

– Qapıçı və müdafiəçi mövqeyinə axtarışlar var?
– Hazırda heç bir axtarış yoxdur. 

– "Qəbələ" ilə şəxsi görüşlərdə üstünlük rəqibin tərəfindədir. Bu sizdə təzyiq yaratmır?
– Onu gedişat göstərəcək. Qış fasiləsindən sonra ikimizdə də çox xal itkiləri olmuşdu. Sonluğu kimin necə gətirəcəyi çox önəmli olacaq. Şəxsi oyunları gözümüzün önündən keçirsək, bəlkə də üstünlük bizim tərəfimizdə olmalı idi. Amma bu oyunlarda heç nədən qollar buraxdıq. Oyun olaraq bərabər oynamışıq. Kiminsə kimdənsə aşkar üstün olduğunu deməzdim. Artıq bunların önəmi yoxdur, əsas sonluqdur. Vacib olan qarşıdan gələn oyunlardır.

writer photo
Əlirza Əlirzalı
0