Qurban Qurbanov: “Sevindiklərini görmədim” - MÜSAHİBƏ
13.10.2022 - 23:17
Qurban Qurbanov: “Sevindiklərini görmədim” - MÜSAHİBƏ

“Çox istəyirdik ki, qalib gələk. Sona qədər gərgin mübarizə getdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la IV tur matçından sonra deyib.

50 yaşlı mütəxəssis 0:0 hesabı ilə başa çatan görüşün ardından təşkil olunan mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Rəqib də bu gün istəkli idi. Oyundan razı qaldım. Minimum məğlub olmamaq çox yaxşı nəticə oldu. Narahat idim, çünki futbolçularda yorğunluq var idi. Amma çox yaxşı oyun intizamını qoruyub saxladılar”.

- Kadi Borqesin durumu nə yerdədir?
- Kadinin durumu sabah bilinəcək. Ağrıları var. İlk hissədən sonra da ağrılar hiss edirdi. Amma dedi ki, oynaya bilərəm. İkinci hissədə əziyyət çəkdiyini gördüyümüz üçün dəyişdik.

- Təxminən 20-25 dəqiqə ərzində çox sayda qol epizodları oldu, ardından rəqib 4-lü müdafiə sisteminə keçdi və qol imkanlarınız məhdudlaşdı. Bu sistemə keçəcəklərini düşünmürdünüz?
- 30-cu dəqiqədən sonra dəyişdilər, müəyyən çətinliklərimiz oldu. Rəqibin futbolçuları istənilən sistemdə təcrübələrindən istifadə edirlər. Müəyyən müddət oyunun gedişatında gərginlik hiss olundu. Amma sona doğru yenidən nəzarəti ələ keçirdik. Belə rotasiyalar edən komandalar çoxdur. 90 dəqiqə tam hazırlaşdığın kimi oynamaq mümkün deyil. Çünki qarşında güclü komandalar olur. Amma yenə də futbolçular mübarizədən qopmadılar.

- Rəqib 1 xala sanki sevinirdi. Belə demək olarmı ki, “Qarabağ” bu gün 2 xal itirdi?
- Rəqib haqda fikir bildirə bilmərəm. Əsas odur ki, xallarımızın üzərinə yenə 1 xal gəldi. Çünki minimum Konfrans Liqasının pley-offunu təmin etdik. Uduzsaydıq, başqa mənzərə ola bilərdi. Dünən də demişdim ki, bura qələbə üçün gələcəklər. 1 xal qazandılar. Sevindiklərini görmədim. 1 xal da qarşıdakı oyunlar üçün onlara böyük əhəmiyyət kəsb edir. Qalib gəlmək istəyirdik, ancaq 1 xal qazanmağımızdan da razıyam.

- 1 xalın qənaətbəxş olmasında digər oyunun nəticəsinin təsiri oldu?
- Qətiyyən xeyr. Matçın gedişində digər görüşün nəticəsindən xəbərim yox idi. Çünki ancaq öz oyunumuz barədə düşünürdüm. Oyun bitdikdən təxminən 10 dəqiqə sonra “Nant”ın məğlub olduğunu öyrəndim.

- Oyunöncəsi müəyyən narahatlıq var idi. Bu nədən ibarət idi?
- Bizim hər oyundan əvvəl narahatlığımız olur. Sadəcə, rəqibin gücünü bilirdik. Kənardan bəlkə bizə fərqli görünür. Tarixi bir kluba qarşı oynayırdıq. Çox yaxşı baş məşqçiləri və böyük titullar qazanan futbolçuları var. Lazımi anda onların oyunçuları nəticəni həll edə bilirlər. Narahatlıq o idi ki, azarkeşlər qələbə istəyirdilər, birinci yer arzulayırdıq. Bunun futbolçulara da təsiri olur. Çox da böyük futbol ölkəsi deyil. Digər tərəfdən komandada bir az yorğunluq var idi. Ardıcıl neçə səfərimiz oldu, hazırlıq planı pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşqlərdə hazırlaşa bilməmişdik. Belə hallara müsbət baxmışam.

- Rəsmi statistikaya əsasən, çərçivəyə zərbəniz olmadı. Bu sizi narahat etmir?
- Olmamış olmaz. Rəsmi statistika ola bilsin ki, səhv edib. Məncə, qapıçının top çıxardığı epizodlar oldu. Hər şey sənin istədiyin kimi alınsa, maraqsız olar.

- Komandanızın oyununda narazı qaldığınız məqamlar oldu?
- Narazı qaldığım məqamlarla bağlı dərhal fikir bildirə bilməyəcəyəm. Belə oyunlarda epizoda real baxmaq istəyirəm. Qarşımızda istədiklərimizin qarşısını alan canlı qüvvə var. Rəqibi də nəzərə almaq lazımdır. Realizasiyalarda narazılığım oldu, bu da texniki səhvlər idi.

- “Qarabağ”ın standart vəziyyətlərlə bağlı durumu ürəkaçan deyil. Bu gün də kornerlərdən sonra qapı istiqamətində təhlükə yaşanmadı...
- Bu gün ən çox razı qaldığım məqam standart vəziyyətlər oldu. 15 nəfərin olduğu yerdə kombinasiyalardan istifadə etdik. Asan epizodlar deyildi, rəqib bilə-bilə qarşısını ala bilmədi. Dediyim kimi, hər düşündüyümüz alınsa, futbol oynamağa nə var idi ki.
 

writer photo
Əlirza Əlirzalı
0