Rəşad Sadıqovdan qələbə şərhi - VİDEO
04.09.2022 - 22:28
Rəşad Sadıqovdan qələbə şərhi - VİDEO

“Çox gərgin oyunun şahidi olduq”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Misli Premyer Liqasının V turunun “Qəbələ” ilə ev oyunundan sonra mətbuat konfransına qatılıb. O, görüş barədə fikirlərini açıqlayıb:  “Sabah”la matçdan başqa bütün matçlarımız gərgin keçib. Azarkeşlər üçün də maraqlı olub. Oyuna 5-10 dəqiqə pis başlamadıq. Amma sonra üstünlük “Qəbələ” tərəfdə idi. Penaltidən sonra oyunu dəyişə bildik. Daha aqressiv oynadıq. Standart vəziyyətdən istifadə edib hesabı da bərabərləşdirdik. Sonra üstünlük gah bu, gah digər tərəfdə idi. Çünki hər iki komanda topla oynamağı xoşlayan komandadır”.

Sadıqov hər iki komandanın qələbəyə layiq olduğunu bildirib: “Hər iki komanda qələbəyə layiq idi. Qələbə qazanan biz olduq. Futbolçularımı təbrik edirəm. Psixoloji cəhətdən ağır oyun idi. Penaltidən qol buraxandan sonra oyunu dəyişmək xarakter tələb edir. Futbolçulara mübarizəyə görə təşəkkür edirəm. Elmar Baxşıyevin xətrini çox istəyirəm. Həm özünə, həm işinə hörmətim var. Bir-birimizi yaxşı tanıyırıq. Fikrinə də hörmətlə yanaşıram. Ola bilər ki, o, elə düşünür. Mən düşünürəm ki, hər iki tərəf layiq idi. Matç sürətlə inkişaf edirdi. Elə oldu ki, Rəhim usta qol vurdu. Vacib üç xal qazandıq”.

Mütəxəssis oyunun taleyinin dəyişməsi barədə də danışıb: “Oyunun taleyini Allah dəyişdi. Biz səbəblərdən götürürdük. Sonradan oyuna daxil olanlar gücümüzə güc qatdılar. Həlledici məqam futbolçuların iradəli olması idi. Ağır dəqiqələrdə də məğlubiyyəti düşünmürdülər. Heyfsilənirəm ki, yeni oyunçular bizə gec qatıldılar. Heyət geniş olanda manevr edə bilirsən. Kasad olanda əlində material olmur. Hələ gələcəkdə daha çox xeyir verəcəklər”. 

Sadıqov qapıçı Anar Nəzirov və dubl müəllifi olan Rəhim Sadıxov barədə danışıb: “Ötən mövsümün sonunda da Anar yaxşı oynayırdı. Əvvəlki turlarda Mehdiyə, bu dəfə Anara şans verdim. Onda hücumçu keyfiyyətləri gördüm. Usta, ağıllı oyunçudur. Əvvəlki matçlarda da fikrimdə var idi. Bu gün hücumçu kimi oynatmağa qərar verdim. O, universaldır, hər mövqedə oynaya bilir. Mən onu Kevin de Bruyneyə oxşadıram. Hətta dayaq yarımmüdafiəçisi kimi də oynadı. Belə oyunçunun olması üstünlükdür”.

Sadıqov mövsümün sonunda məqsədə çatmağın vaciblyini vurğulayıb: “Mən çox sakitəm. Oyun zamanı bəzən emosional rekasiya verirsən. Ən çətin dövr ilk mövsümümün sonları idi. Müəyyən hadisələr baş verdi. Ondan betər dövrün olub-olmayacağını bilmirəm. Bu iki ildən artıq müddətdə yaşadıqlarım oldu. Futbolçu kimi də təcrübəm olub. Mövsümün əvvəlidir. Oyundan-oyuna yaxşılaşırıq. Qələbə qazanmasaydıq da eyni fikirdə olacaqdım. Əsas mayda mövsümü bizə lazım olan mövqedə bitirməkdir”.

Qeyd edək ki, “Zirə” 2:1 hesablı əzmkar qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0