“Şamaxı”nın portuqaliyalı qolkiperi Rikardo Fernandes apasport.az saytına müsahibə verib.
- Azərbaycan Premyer Liqasında debüt etdin. İlk turda "Sabah"la qarşılaşdınız. Matç sizin üçün necə alındı? Oyunun nəticəsi sizi razı saldı?
- Düzdür, Liqada debütüm baş tutdu və özümü də çox yaxşı hiss edirəm. Oyun bizim üçün yaxşı alındı. Biz həmişə 3 xal üçün mübarizə aparmaq istəyirik. Komandanın iki top buraxıb çətin vəziyyətə düşməsinə baxmayaraq, reaksiyası yaxşı alındı. Hamımızda olan xarakteri göstərdik və səfərdən bir xal çıxardıq.
- "Sabah"a qarşı matçda əsas məqsəd nə idi? 2:2 hesabı özünüz üçün gözlənilməz oldu?
- Dediyim kimi, biz həmişə 3 xal üçün mübarizə aparacağıq. Bütün oyunlarda qarşılaşacağımız çətinlikləri bilirik. Amma onu da bilirik ki, biz heç vaxt təslim olmayacağıq. Uğur qazanmaq üçün mübarizə aparmalıyıq.
- Əslində, oyun Şamaxıda keçirilməli idi. Amma "Sabah" klubu matçın Bakıda keçirilməsini xahiş edib və "Şamaxı" bununla razılaşmışdı. Bu haqda fikrin necədir? Səncə, Şamaxıda başlamaq yaxşı idi, yoxsa Bakıda?
- Hər zaman öz evimizdə, azarkeşlərimiz qarşısında başlamaq daha yaxşıdır. Lakin “Sabah” ölkəni Avropa yarışlarında təmsil edir və “Şamaxı” buna hörmətlə yanaşır. Ona görə də onların evində oynamağı qəbul etdik.
- Azərbaycan Premyer Liqasının ab-havasını artıq hiss etdin. Stadion, atmosfer, oyun, rəqib...
- Çox gözəl hisslər idi. Çox həyəcanlandım. Böyük komandaya qarşı oyun oldu. “Şamaxı” özünü çox yaxşı tərəfdən göstərdi.
- “Sabah" Azərbaycanı avrokuboklarda təmsil edir. Bu klub haqda hansı fikirdəsən?
- “Sabah” böyük və əla komandadır. Onlara böyük hörmətimiz var. Bu komanda avrokuboklarda mübarizə aparır. “Şamaxı” da əla komandadır və biz yalnız özümüzə baxırıq, yolumuza davam edirik. Uğurlu çıxış etmək haqda düşünürük.
-"Şamaxı" bu mövsüm Premyer Liqada hansı nəticəni göstərə bilər? Gücünüz nəyə çatacaq?
- “Şamaxı” heç vaxt təslim olmayacaq, hər zaman ən yaxşı nəticələr üçün mübarizə aparacaq. Bunu bizdən gözləmək olar. İndiyə qədər belə işləyirik. Keyfiyyətli və xarakterli bir heyət, ailəmiz var.
- "Şamaxı" növbəti oyununu da səfərdə "Araz-Naxçıvan"a qarşı keçirəcək. Onlar "Qarabağ"a 1:4 uduzmuşdu. Bu oyun və "Araz-Naxçıvan" haqda nə düşünürsən? Ardıcıl iki matçı səfərdə keçirmək problem deyil ki?
- Bütün oyunlar həm evdə, həm də səfərdə keçirilməlidir. Təbii ki, biz evdə azarkeşlərimizlə oynamağa üstünlük veririk. “Araz-Naxçıvan” da güclü komandadır. Amma ambisiyamız var və onu oyundan-oyuna inkişaf etmək istəyirik.