"Neftçi" Azərbaycan Premyer Liqasının 4-cü turunun səfər matçında "Araz-Naxçıvan"a qarşı 1:1 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu qol "Neftçi"yə yaraşdı?
- Burada heç bir problem görmürəm. Hansısa feyr-pleydən danışmağa səbəb görmürəm. Hər şeyi görürdüm. Oyunçu ayağa qalxırdı. Bunu şərh etmək rahatdır. Bizim oyunçumuz ayağa qalxırdı. Heç bir səbəb yox idi ki, onların oyunçusu topu çölə vursun.
- Rəhman Hacıyev və Emin Mahmudov meydana çıxsalar da, onlara kapitanlıq sarğısı verilmədi. "Neftçi"nin kapitanı və vitse-kapitanı kimlərdir?
- Sizin işinizə hörmət edirəm. Amma bəzi çərçivələr varsa, bizim daxili işimizdir. O məsələlərə qarışmayın. Bu bizim daxili işimizdir.
- Sizə elə gəlmir ki, Lebon sol cinahda daha effektivdir? Amma siz onu sağda oynadırsız. Belə başa düşürük ki, siz Ştoqrini o mövqedə daha üstün görürsüz?
- Məncə, vinger həm sol cinahda, həm də sağm cinahda eyni qaydada oynamağı bacarmalıdır. Futbolçulara hər oyundan qabaq deyirik, onlara hədəf qoyuruq və qərarlar veririk. Ştoqrin üçün sol və ya sağ cinah fərqi yoxdur. Taktiki cəhətdən nəzərə alsaq, rəqibin hücumlarını neytrallaşdırmaq istəyirik.
- "Qəbələ"də də çempionluq uğrunda mübarizə aparırdız. Orada daha çox təzyiq hiss edirdiz, yoxsa "Neftçi"də?
- Hazırda təzyiqə az fikir yönləndirirəm. Elə yoldayıq ki, komanda yenilənir. Transfer işlərini davam etdiririk. Başa düşürük ki, bir az gecikmələr oldu. Bəzi oyunçuların hazırkı durumu istədiyimiz formada deyil. Təzyiqi o zaman hiss edərdim ki, komandam istədiyim formadadır, amma nəticələr qazanmırıq. Düşünürəm ki, milli komandaların fasiləsini gözləməliyik. Bu müddət də hələ azdır ki, istədiyimiz oyun üslubunu quraq. Mən sadəcə öz işimə fundamental yanaşıram. Çox istəyərdim ki, artıq nəticələr olsun. Amma mən elə komanda, oyun qurmaq istəyirəm ki, sistematik olaraq bizə nəticələr versin. Başqa cür yanaşa bilərik. Deyə bilərik ki, nəyin bahasına olursa-olsun qalib gələk. Qanın bahasına belə. Çox istəyərdim ki, öz stilimizdə oynayaraq, qalib gələk. Əminəm ki, qısa zamanda daha yaxşı olacağıq. İstəmirik ki, qələbələrimiz təsadüfi olsun.
- Dörd turdan sonra qələbə qazanmadığınıza görə hansı hissləri keçirirsiz?
- Demək olar ki, analiz etdim. Hisslərə gəldikdə, yaxşı deyil. Daha yaxşı olmasını istəyərdim. Səbrlə davranacam və istədiyim şeyi əldə edəcəm. Tutduğum yoldan dönmək istəmirəm.