"Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqası pley-off mərhələsinin "Braqa" ilə matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.
Apasport.az braziliyalı yarımmüdafiəçinin fikirlərini təqdim edir:
"Baş məşqçimiz qeyd etdi ki, bizi sabah çox çətin və ciddi mübarizə gözləyir. Komandamızda Portuqaliya təcrübəsi olan bir neçə futbolçu var. "Braqa"nın necə güclü komanda olduğunu bilirik. Rəqib topla oynamağı sevir. Bununla belə çalışacağıq ki, layiqli mübarizə aparaq və baxımlı futbol göstərək".
- Sabah oyunun necə keçəcəyini gözləyirsən?
- Oyunun nəticəsini detallar həll edəcək. "Braqa" kimi biz də qalib gələ bilərik. "Braqa" ciddi rəqibdir. Amma bura Avropa Liqasıdır. Rəqibi tanımaq üçün kifayət qədər vaxtımız olub. Hər iki komanda qələbə qazanmaq iqtidarındadır.
- Portuqaliyada oynamısan. Baş məşqçiniz səndən "Braqa" haqda məlumat öyrənib?
- Xeyr. Şəxsən məndən heç nə soruşmayıb. Rəqibin oyunlarını izləmişik. Baş məşqçimiz bildirdi ki, "Braqa" sürətli, və hücumameyilli futbol sərgiləyən komandadır.
- Portuqaliyalılar üçün "Qarabağ"ı necə xarakterizə edərdin?
- Həm ölkə çempionatında, həm də avrokuboklarda topu ələ keçirən kimi dərhal sürətli hücumlara çıxırıq. Bu, bizim ən təhlükəli tərəflərimizdən biridir. Ölkə çempionatında rəqiblər öz meydançalarına qapanan zaman topa nəzarət və əks-hücumlardan istifadə edirik.
- "Braqa"da ən çox kimdən təhlükə gözləyirsiz?
- Ən təhlükəli oyunçu Əl-Musratini hesab edirdim. Artıq o komandanı tərk edib. Amma Calo və Bruma da təhlükəlidir. Həm hücumda, həm müdafiədə komandaya kömək edirlər.
- Bu mövsüm "Bayer"lə qarşılaşmısız. Leverkuzen təmsilçisini "Braqa" ilə müqayisə etmək olar?
- "Bayer"in topa nəzarəti, rəqibə etdiyi pressinq çox möhtəşəmdir. Hər hansı bir müqayisə edə bilmərəm. Amma "Braqa" da illər boyu adını, nüfuzunu saxlamış komandadır. "Bayer"lə oyunda çəkdiyimiz çətinliyi sabah da çəkəcəyimizə inanmıram.