“Qarabağ”ın sabiq futbolçusu Rüfət Quliyevin apasport.az saytına müsahibəsi
- “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” önünə çıxacaq. Təmsilçimiz avrokuboklarda qrup mərhələsində oynamağı təmin etsə də, sizcə, “Olimpiya” səddini keçmək mümkün olacaq?
- Çox sevindirici haldır ki, həmişəki kimi “Qarabağ” qruplarda olacaq. Amma təəssüfləndirici hal odur ki, onlar ölkəmizi avrokuboklarda tək təmsil edəcək. Fərqi yoxdur, Avropa Liqası və ya Konfrans Liqası, əsas odur avrokuboklarda olacaqlar. Ümid edirəm ki, “Qarabağ” “Olimpiya” səddini keçəcək. Bunun üçün həm gücə, həm də oyuna sahibdirlər. “Qarabağ”a inam yüksəkdir. Çünki onlar bunu oyunları ilə sübut edirlər. Bu gün keçiriləcək matçda da təmsilçimiz istədiyi nəticəni qazana bilər.
- 2018/2019 mövsümündə “Qarabağ” ÇL-in ilk turunda “Olimpiya”nı 1:0 və 0:0 hesabları ilə keçmişdi. Sizcə, nəticələr təkrarlana bilər?
- Məncə, baş verə bilər. Necə ki, 2018-ci ildə “Qarabağ” “Olimpiya” səddini keçmişdi, onları yenə udaraq mərhələ adlayacaq. Bununla da, komandamız Avropa Liqasında özünə yer edəcək. Amma təbii ki, asan oyun yoxdur və çətin olacaq.
- “Qarabağ” “Olimpiya” səddini keçməsə də, avrokubokların qrup mərhələsində oynayacağı dəqiqdir. Onlar bunu ardıcıl 10-cu dəfə edir...
- Bəli, ardıcıl 10-cu dəfədir ki, avrokuboklarda qrup mərhələsində mübarizə aparacaqlar. Bu çox xoş haldır. Bu, onu göstərir ki, “Qarabağ”da iş düzgün qurulub, düzgün gedir. Gələcəklə bağlı işlər də doğru planlaşdırılıb. Sadəcə alqışalayiqdir. İnanıram ki, bundan da yaxşı nəticələr əldə edərlər. Artıq vaxtı gəlib çatıb. Məncə, məsələn, avrokuboklarda yarımfinala qədər gedərlər. Qismət olar, o günləri də görərik. Təəssüflər olsun ki, “Neftçi”, “Sabah” və “Qəbələ” avrokuboklardan kənarda qaldılar. Avropada təkcə “Qarabağ” qaldı. Həmişəki kimi ölkəmizin adını layiqincə təmsil edir. Uğurlar arzu edirəm onlara.
- “Qarabağ” Andrey Lunyovu heyətinə qatdı. Bunu Şahruddin Məhəmmədəliyevin səhvləri ilə əlaqələndirirsiniz?
- Yaxşı haldır. Həm də gözlənilən idi. Şahruddin Məhəmmədəliyev bir neçə vacib oyunda səhvlər buraxmışdı. Amma bir neçə kritik görüşdə də xilaskar rolunu oynamışdı. “Qarabağ”ın qələbələrində böyük rolu da olub. Lakin Şahruddinin səhvləri təkrarlanırdı, ona görə də, yaxşı qapıçıya, sağlam rəqabətə ehtiyac var idi. Lunyovun gəlişi də yaxşıdır. Təcrübəli qapıçıdır, top liqada oynayıb. Ümidvaram ki, “Qarabağ”a kömək edəcək. Amma hər şeyə zaman lazımdır. Bir müddətdən sonra hər şeyi görəcəyik.
- “Qarabağ” Avropa Liqası, yoxsa Konfrans Liqasında mübarizə aparması yaxşıdır?
- Məncə, fərqi yoxdur. Əsas odur ki, “Qarabağ” avrokubokların qrup mərhələsində mübarizə aparacaq. Bu isə vacib məsələdir. Ümid edək ki, “Qarabağ” Avropa Liqasında mübarizə aparacaq. Komandamıza inanırıq. Onlar “Olimpiya” səddini keçərək Avropa Liqasının qrup mərhələsinə düşəcək.