Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi:
- Premyer Liqada çempionluq uğrunda mübarizə əvvəlkindən fərqli gedir. Bu favorit komandaların vəziyyəti, yoxsa digərlərinin şansı ilə əlaqəlidir?
- Builki çempionat əvvəlki illərlə müqayisədə ciddi şəkildə fərqlənir. Nə aşkar favorit var, nə də aşkar autsayder. Açığı şərh vermək çətindir.
- Azərbaycan futbolunda son 5 il ərzində nə kimi dəyişikliklər var və nələr çatışmır?
-Ən əsası ciddi şəkildə yerli futbolçu qıtlığı var. Amma yaxşılığa doğru dəyişən amillər də çoxdur. Yeni Liqaların yaranması v.s
- Komandaların turnir cədvəlində yerləşməsini baş məşqçi amili ilə xarakterizə edirlər. Sizcə bu əsnada yerli və əcnəbi məşqçi amili əsas rol oynayır?
- Mən həmişə yerli məşqçilərə azarkeşlik etmişəm. İndiki durumda da turnir cədvəlinə yerli məşqçilər başçılıq edir. Səviyyəli legioner məşqçilərin olması isə çempionatımıza əlavə rəng qatır. Rəqabəti daha da maraqlı edir.
- Komandalarda ilbəil daha çox legioner görürük. Deməli, Ruslan Abışov kimi oyunçular yoxdur ?
-Əslində, indiki dövrdə bizdən də istedadlı və potensiallı futbolçular var. Sadəcə telefon və sosial şəbəkə amili gənc futbolçulara ciddi şəkildə mane olur. Nəticədə isə futbolçu ilə yanaşı onların valideynləri və məşqçilərinin də əməyi puç olur.
-Yetirməsi olduğunuz "Neftçi"nin cari mövsümdəki çıxışını necə qiymətləndirirsiniz? Sizcə uğursuzluğun günahkarı kimdir?
-"Neftçi" haqqında qıraqdan danışmaq çətindir. Komanda daxilində olmayanda nələrin baş verdiyini bilmirsən. Amma bildiyim bir şey var ki, “Neftçi” toparlanmalıdır. Həm də ən qısa zamanda. İndi günahkar axtarmaq zamanı yox, böhrandan çıxmaq üçün birləşmək zamanıdır. Azarkeşlər, futbolçular, rəhbərlik və digər hər kəs əl-ələ verib, bu böhrandan çıxmağın yollarını axtarmalıdır.
- Ruslan Abışov indiki "Neftçi"də olsaydı nə dəyişərdi?
-Klubun öz yetirmələrinə daha çox üstünlük verərdim. Yenidən Mirhüseynlər, Cavid İmamverdiyevlər, Araz Abdullayevlər və adını çəkmədiyim digər futbolçular kimi, sırf öz yetirmələrimizi kluba qazandırmaq üçün çalışardım. Düzdür, indiki dövrdə bu çox çətindir. Amma cəhd etməyə dəyər.
-"Neftçi"nin hansı dövrünə qayıtmasını istərdiniz?
-“Xəzər-Lənkəran”la rəqabət olan dövrünə qayıtmasını istərdim. Unudulmaz illər idi.
- Yubiley oyununda “Neftçi” formasıyla iştirakınız dəqiqləşdi. "Neftçi"dən “Xəzər-Lənkəran”a getdiyinizə görə azarkeşlərin böyük qismi hələ də sizi bağışlamayıb....
-Bu barədə danışmaq istəmirəm. Peşman olduğumu hər dəfə qeyd etmişəm. Qınayanlar da tam haqlı idilər. “Neftçi”nin ən çətin dövründə ehtiyac olduğu anda da qayıtdım. Bəli, noyabrın 18-i “Zenit”lə yoldaşlıq görüşündə mənim üçün vida tədbiri nəzərdə tutulub. Təklif “Neftçi” rəhbərliyindən gəldi və buna görə onlara təşəkkür edirəm. Ümumiyyətlə, mən həmişə Zaur Tağızadə, Rəşad Sadıqov, Kamran Ağayev , Mahir Şükürov kimi futbolçuların bu cür tədbirlərlə yola salınmasını arzulamışam. Bu futbolçuya verilən əvəzolunmaz qiymətdir. Sadəcə üzüldüyüm yeganə məqam “Neftçi” azarkeşlərinin hazırda elə də yaxşı əhval-ruhiyyədə olmamasıdır. Onları başa düşmək çətin deyil. Amma mən yenə də onların “Zenit”lə matçda komandamızı tək qoymayacağına inanıram.