Misli Premyer Liqasında V tur arxada qalıb.
Apasport.az saytının məlumatına görə, bu müddətdə heç bir futbolçu sarı vərəqə limitini aşmasa da, “sarı işığ”a düşənlər var.
Üç oyunçu üçün növbəti tur cəzalı duruma düşməklə nəticələnə bilər. Bunlar üç sarı vərəqəsi olan Aleksey İsayev, Coy-Lens Mikels (hər ikisi “Sabah”) və Stiven Pereyradır (“Sumqayıt”).
İlk baxışdan “Sabah” üçün təhlükə daha böyük görünür. İki futbolçu limiti aşmamaq üçün ehtiyatlı olmalıdır. Üstəlik, hər iki oyunçu da komandanın aparıcı üzvlərindən sayılır. Liderin rəqibinin son çempion “Qarabağ” olması matçdakı gərginliyi, eyni zamanda futbolçuların, o cümlədən İsayevlə Mikelsin vərəqə almaq ehtimalını artırır.
Amma təqvim bu oyunçuları itirmək təhlükəsinin qorxulu olmadığını göstərir. Çünki iddialı rəqiblərlə duelləri arxada qalan “Sabah”ı nisbətən yüngül matçlar gözləyir.