"Sabah"ın baş məşqçisi: "Məsuliyyəti üzərimə götürürəm"
15.08.2024 - 23:01
"Sabah"ın baş məşqçisi: "Məsuliyyəti üzərimə götürürəm"

Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sabah” – “Sent Patriks” oyunundan (0:1) sonra təmsilçimizin baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb. 

– Mənimçün xoşdur ki, bu gün mətbuat konfransında xanımlar çoxdur. Hər şeyi gördünüz, rəqibə nisbətən daha yaxşı komanda idik. Əfsuslar olsun ki, qırmızı vərəqədən sonra hər şey dəyişdi. Avropada iki oyunun hər birinin böyük hissəsini azlıqda oynamaq çox ağırdır. Uşaqlar bu gün çox yaxşı idilər. Çalışdılar, əllərindən gələni etsinlər. Döyüşdülər, mübarizə apardılar. Təəssüf ki, istəyimizə çata bilmədik.

– “Makkabi”dən 6, çempionatda 4 qol buraxmısınız. Bu gün də zəif rəqibə məğlub oldunuz. Komandanız hansı komponentdə yaxşıdır?
– Bu gün onlardan yaxşı idik. Amma təəssüf ki, uduzduq. Bu gün rəqib bizdən nədə üstün oldu?

– Rəqib qapıya bir zərbə endirib, qol vurdu. Bu, dəqiqlik üstünlük deyil?
– Bu üstünlükdür?

– Tarixdə qalan nəticədir…
– Nəticə əlbəttə qalır. Lakin oyunçularımın yanaşmasına nəsə deyə bilmərəm.

– “Sabah”da hər şey yaxşıdır?
– Bunu heç vaxt deməmişəm.

– Dediklərinizdən elə çıxır…
– Nə vaxt demişəm ki? Bildirdim ki, bu gün “Sent Patriks”dən daha yaxşı oynadıq. Məğlub olduq, bu, faktdır.

– Uzun müddət oyuna çıxmayan Abdulla Xaybulayev bu gün nə üçün əsas heyətdə idi?
– İtkilərimiz var idi. Lepinitsa qırmızı vərəqə cəzalısı idi, Ayaz Quliyev də üç ay oynamayacaq. Şakir Seyidov qalmışdı, amma Abdulla daha dominant futbola uyğundur. Hücuma yönəlik futbol oynamaq istəyirdim.

– Ola bilməzdi ki, iki dayaq yarımmüdafiəçinin əvəzinə biri ilə oynayardınız?
– Kimi oynatmaq olardı? Daha çox hücumda olmaq istəyirdik. Demək olar ki, 26-cı dəqiqəyə qədər işlədi. Qırmızı vərəqədən sonra hər şey dəyişdi. 0:1-dən sonra sistemi dəyişdik. Elvin Camalov arxada tək qaldı. Hücumda nələrsə etmək istədik, nail olmadıq.

– Bugünkü məğlubiyyətdə günahkar kimdir? Siz, yoxsa futbolçular?
– Həmişə məşqçi günahkardır. Bu, mənim məsuliyyətimdədir. Qorxmuram, məsuliyyəti üzərimə götürürəm. Heç vaxt futbolçuları günahlandırmıram.

– Məğlub olmusunuz, amma rahat görünürsünüz? Və Xəyal Əliyevin fiziki durumu necədir?
– İnanın mənə, rahat deyiləm. Həmişə işimdə ciddi olmağa çalışmışam. Ola bilər, sizə rahat görünüm. Ehtiyat oyunçular skamyasında olan biri üçün oyuna qoşulmaq çətindir, üstəlik, azlıqdasınızsa. Xəyal bu gün çox hərəkət etdi. Ola bilər, sizə yorğun göründü.

– Rəhbərlik avrokuboklarla bağlı qarşınıza hədəf qoymuşdu?
– Xeyr. Ötənilki kimi bu il də Avropada 4 oyun oynadıq. Fərq odur ki, ötən il “Partizan”a, bu il “Sent Patriks”ə uduzduq. Özümdən gözləntilərim yüksəkdir.

writer photo
Əlirza Əlirzalı
0