Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında “Heydər Əliyev Kuboku” turniri başlayıb.
Apasport.az xəbər verir ki, yarışda əvvəlcədən qeydiyyatdan keçən, 6 müxtəlif yaş kateqoriyası üzrə 60-a yaxın həvəskar idmançı xizək yarışının “Slalom Gigant” növü üzrə birincilik uğrunda mübarizə aparır.
Yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir.
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaq.
Qeyd edək ki, "Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında “snoubord” üzrə, 24 fevralda isə uşaqlar arasında xizək üzrə davam etdiriləcək.