"Səbail"in baş məşqçisi Şahin Diniyev apasport.az saytına müsahibə verib.
- “Səbail”in yeni sezonla bağlı planı necə olacaq? Komandanın Ərzuruma yollanacağı gözlənilir...
- Artıq planımız bəllidir. İyunun 26-dan Bakıda məşqlərimizə başlayacağıq və bir həftə davam edəcəyik. Daha çox yerli uşaqlarla bunu edəcəyik. İyulun 5-dən 18-nə qədər isə Türkiyənin Ərzurum şəhərində iki həftəlik təlim-məşq toplanışımız olacaq. Orada da üç oyunumuz gözlənilir. Artıq oyunların ikisi hazırdır. İyulun 11-də "Ərzurumspor", 13-də "Hatayspor"la qarşılaşacağıq. Artıq danışılıb. Bir oyunumuz isə 16-da olmalıdır. Onu da yerində müəyyənləşdirəcəyik. Ardınca da Bakıya qayıdaraq, çempionata hazırlığı davam etdirəcəyik.
- “Səbail” ötən mövsüm avrokuboklar uğrunda mübarizədə yer alsa da, sona az qalmış bu mübarizədən qopdu. Ümumi olaraq, 2023-2024 sezonu istədiyiniz məcrada keçdi? Nəticə və mövqe istədiyiniz kimi oldu?
- Bizim qarşımıza avrokuboklar uğrunda mübarizə məqsədi qoyulmamışdı. Yaxşı komanda yaradılması istənilmişdi. Məncə, iddialı komanda ola bildik. Hər halda, mövsümün sonuna 4 tur qalmış avrokuboklara iddia edirdik. Bu da bizi sevindirir. Hər halda, komandamız yayda 100 faiz dəyişmişdi. Bu mənada, komandanın stabil olmaması bizi sonda saxladı. Bu da aydın məsələdir, yeni komanda idik, futbolçuların bir-birinə öyrəşməsi zamana ehtiyac var idi. Ötən sezon yaxşı, iddialı, maraqlı "Səbail" gördülər.
- Ötən mövsümün yekunlarına görə avrokuboklara düşməyiniz bu sezondakı durumunuza da təsir edəcəkdi, yəqin? Çünki mətbuatda yayılanlara inansaq, klubub büdcəsi azaldılıb. Bu doğrudur?
- Gizlətməyə ehtiyac yoxdur. Amma bu, avrokuboklara düşməməklə bağlı deyil. Komandanın qarşısına bu məqsəd qoyulmamışdı. Yəni, büdcə buna görə azaldılmayıb. Sadəcə hansısa məqamlara görə belə oldu. Lakin "Səbail" "Səbail" olaraq qalacaq.
- Yeni mövsüm üçün komandanın əsas məqsədi nədən ibarət olacaq? Büdcə azaldılıbsa, yəqin ki, avrokuboklar uğrunda oynamaq çətin olacaq?
- Hələ ki, qarşımıza məqsəd qoyulmayıb. Niyə? Çünki komandanın yığılması var. Ərzurumdakı toplanışdan sonra hansı komanda əlimizdə olacaq, hansı futbolçular bizimlə olacaq ona baxacağıq. Ondan sonra əlimizdə olan materiala, icraçılara, komandaya görə qarşıya məqsəd qoyulacaq.
- Bir müddət isə sizin də komandadan ayrılacağınız, başqa məşqçinin dəvət olunacağı iddia edilirdi. Amma yeni sezonda komandanı özünüz çalışdıracaqsız. Rəhbərliyin sizdən əsas istəyi nə oldu?
- Xeyr, bu mətbuatın xəbəri idi. Rəhbərlikdə, komandanın içində belə şey yox idi, baş məşqçi dəyişikliyi gözlənilmirdi. Bu sadəcə sarı mətbuatın özünü içəriyə atması ilə göstərilən məsələ idi. Məncə, 2023/2024 mövsümündə iddialı "Səbail" yarada bildik.
- Komanda bir neçə futbolçu ilə yollarını ayırdı. Gedənlər hələ də olacaq? Yəqin ki, gələnlər çox olacaq?
- Məşqçinin ən ağır yeridir, əfsuslar olsun ki, gedənlər də olacaq. Büdcənin düşməsi ilə əlaqədar, mütləq yüksək ödənişli futbolçular... Baxın, "Səbail"də oynamış futbolçuların qiyməti birdən-birə hara qalxdı. Həm yerlilər, həm də xaricilər. Pedro Nuno, Anas Najah, Aleksandr Ramaliqnom, Almeydanın hamısını saxlamağa gücümüz olmadı. Ona görə də, dəyişiklik gözləniləndir. Şadam ki, bu futbolçular "Səbail"də gözəl fubtol oynadılar və daha yüksək komandalara keçdilər. Hamısına uğurlar arzulayıram. Bu da futbolun bir hissəsidir. Gedənlər varsa, gələnlər də olacaq. Hazırda çalışmalarımız davam edir.
- Türkiyədə yeni qərara əsasən artıq azərbaycanlılar da legioner kimi oynayacaq. Bu, Coşqun Diniyevin “Ümraniyespor”da qalacağına təsir edəcək? Oğlunuzun “Səbail”ə qoşulması mümkündür?
- Coşqun hazırda Bakıdadkır. Onlarda hazırlıqlar başlamayıb. Coşqunun müqaviləsi 1+1 illikdir. Azad agent olub-olmaması sonrakı məsələdir. Bu işlə sırf onun meneceri məşğul olur. Hansı komandaya keçəcəyi hər ikisinin qərarıdır. Xəbər tutacağıq. Siz də biləcəksiz.