Azərbaycan Premyer Liqasının 2-ci turunda baş tutmuş "Səbail" - "Neftçi" matçında qalib müəyyənləşməyib.
Apasport.az xəbər verir ki, "dənizçilərin" baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- Görürsüz də, futbol emosiyalar oyunudur. Bu gün yaxşı "Səbail" gördük. Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdır. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdir. "Zirə"də ilk oyuna çıxdıq, ilk 45 dəqiqədən sonra komandanı dəyişə bildik. Potensialımız var. Oyun da maraqlı keçdi. Azarkeşlər üçün bolqollu, şanslı oyun idi. Baxmayaraq ki, iki qol oldu. Biz generallardan ibarət "Neftçi"yə qarşı əsgərlər oynayırdıq. Potensiallar arasında fərq var idi. Amma oyunda bunu görmədik. Vuruşduq. "Neftçi"yə oynamağa imkan verməməyə çalışdıq. Qələbə də qazana bilərdik, uduza da bilərdik. Heç-heç başlanğıc üçün yaxşıdır. Artırmalıyıq. "Neftçi"yə təşəkkür edirəm. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları tam yerinə yetirdilər.
- Sizə nə qədər vaxt lazımdır ki, komanda tam oturuşsun?
- Vaxtdan çox daha çox çalışmaq lazımdır. Vaxtımız yoxdur, hər gün işləməliyik. "Zirə" ilə oyundan bu yana irəliləyiş var. Deyə bilmərəm, 4-5 oyun. Hərəkətli komandayıq. Futbolçular arasında anlaşma yaxşı deyil. Oyunçularda istək var. Hər tur bizim üçün vacibdir.
- Aleksander Ramalinqomun gedişindən sonra sırf hücumçu sanki görünmür. Transfer edəcəksiz?
- Transferlərə nöqtə qoymuşuq. Ən azından dekabra qədər. 6-7 turda Ramalinqom kimi futbolçu yox idi, sonradan başladı. Ayman Boali formanı yığdıqdan sonra çox yaxşı oynayacaq. Biz komanda halında oyunumuzu gücləndirmək istəyirik. Bir oyunçudan asılı ola bilmərik. Bütün oyunçular lider olmalıdır. Futbolçuya yox, döyüşçülərə ehtiyac var. Keçən il liqaya rəqabət qatan "Səbail" gördük. "Qarabağ"a da qalib gəldik. Yenidən komanda düzəldirik. Problemləri addım-addım həll edəcəyik. Demirəm ki, avrokuboklara oynayırıq. Söz verirəm ki, yaxşı, rəqabət yaradan "Səbail" olacağıq. Sonuncu yer uğrunda "Səbail" görməyəcəyik.
- Bu oyun həm "Neftçi", həm də "Səbail" üçün vacib idi. Bu bir xal sizə, yoxsa "Neftçi"yə yaradı?
- Biz udmalıydıq desəydim, ədalətsiz olaram. Ədalətli nəticə bu idi. Sadəcə bir az yaxın biz idik. Epizodlarımız var idi. "Neftçi" - "Turan Tovuz" oyununa baxdınız. O oyununu keyfiyyəti və bu oyunun keyfiyyəti... Özünüz baxın... İki cür məqşçi olur, sırf nəticəyə, digəri yaxşı futbol oynayan. Bəlkə də, "Zirə" ilə 10 nəfərlə geridə otursaydıq, xal qazanardıq. Amma mən futbol istəyirəm, keyfiyyətli futbol. İstəyim odur. Ona çatmaq çətindir. Rüfət Abdullazadə kapitanlıq sarğısını Cabir Əmirliyə vermədi... Bəzən danışdıqdan sonra özüm də başa düşmürəm, nə deyirəm. Futbol emosiyalar oyunudur. Şahmat kimi gediş düşünsən, alınmır. Rüfətin yadına gəlmirdi ki, kapitanlıq ondadır.
- Hakim idarəçiliyi ilə bağlı mövqeyiniz necədir? Narazı görünürdüz...
- Məşqçi görmüsüz ki, hakimlikdən razı olsun? Bu gün hakimlik ideal vəziyyətdə idi. Kamal Umudluya təşəkkür edirəm ki, oyunun ipini buraxmırdı. Cüzi səhvlər olurdu. Amma ondan da çoxunu mən edirəm.