Şahin Diniyev: “Qarabağ” bu amildən yararlanmalıdır”
03.11.2022 - 12:55
Şahin Diniyev: “Qarabağ” bu amildən yararlanmalıdır”

“Frayburq”un baş məşqçisi Bakıda əsas heyəti meydana buraxmayacaq. Hesab edirəm ki, bu amildən yararlanmaq lazımdır”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Şahin Diniyev “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”la keçirəcəyi oyunu dəyərləndirərkən deyib.

“Qarabağ”ın sabiq baş məşqçisinin fikrincə, Ağdam klubu doğma azarkeşləri önündə daha istəkli çıxış edəcək: “Almaniya klubu üçün bu görüşün heç bir önəmi yoxdur. Ancaq unutmayaq ki, almanlar üçün əhəmiyyətsiz oyun olmur. Yenə də “Qarabağ” meydana daha motivasiyalı çıxacaq. Sadəcə, təmkinli oynamaq, ilk dəqiqələrdən bütün qüvvə ilə hücuma atılmamaq vacibdir. Çünki belədə rəqib əks-hücumdan yaxalayıb hesabı aça bilər. İlk qolu qonaqların vurması isə “Qarabağ”ın qalan dəqiqələrdəki oyununa mənfi təsir göstərə bilər”.

Diniyev Azərbaycan çempionunun qrupu ikinci yerdə bitirərək pley-offa adlayacağını proqnozlaşdırıb: “Konkret hesab deməkdə çətinlik çəkirəm. Amma düşünürəm ki, “Nant” səfərdə “Olimpiakos”u, “Qarabağ” isə evdə “Frayburq”u məğlub edəcək. Ümumiyyətlə, nəticə nə olur-olsun, “Qarabağ” qrupu ikinci yerdə tamamlayacaq. “Frayburq” üçün görüşün əhəmiyyətinin az olması da bunu deməkdə əminlik yaradır. Qrupda hələ uduzmasalar da, ilk məğlubiyyəti “Qarabağ”dan ala bilərlər”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu saat 21:45-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0