"Çox gərgin, dramatik bir oyun idi. Komanda bu gün xarakter göstərdi. Bir tərəfdən sevinirəm qələbəyə görə, digər tərəfdən isə zədələnən futbolçularıma görə məyusam”.
Apasport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Birinci hissədə zəif çıxış etdik. Fasilədən sonra komanda toparlandı. Futbolçularla sakit söhbətləşdik. İkinci yarıda çox yaxşı çıxış etdik. Rəqib də ilk hissədə əla təsir bağlşladı. “Turan Tovuz”dan belə oyun gözləmirdim. Komandam döyüşçü xarakteri nümayiş etdirdi. Bu, təsadüfi deyil. Layiqli qələbə qazandığımızı düşünürəm. Şən futbol oynamağa çalışırıq. Bu gün komandam başqa bir futbol oynadı”.
Təcrübəli mütəxəssis bugünkü itkilərin onu qayğılandırdığını bildirib: “Ən böyük problemimiz müdafiədədir. Buna qədər Cabir Əmirli, Vüqar Həsənov, Adil Nağıyev zədəli idi. Bu gün isə onlara Süleyman Əhmədov da qoşuldu. İndiki məqamda əlimizdən nəsə gəlmir. II dövrənin tez bitməyini gözləyirik. Əsas problem də odur ki, zədələnənlərin hamısı yerli futbolçulardır”.
Diniyev bu matçın karyerasında ilk olduğunu vurğulayıb: “Karyeramda belə bir oyun olmamışdı: gərgin, xarakterli, itkili”.
57 yaşlı çalışdırıcı ilk hissədə komandasının qapıçısı Səlahət Ağayevin sarı vərəqə aldığı epizodu belə dəyərləndirib: “Mən də VAR-da hakimin baxdığı epizodu kənardan izlədim. Top Səlahətin əvvəl başına, sonra əlinə dəydi. Ona görə də, məncə, hakim düzgün qərar qəbul etdi.
Diniyev həmkarı Ayxan Abbasovun hakimlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirməyib: “Nəinki Ayxan Abbasovun, ümumiyyətlə bütün həmkarlarımın fikrinə hörmətlə yanaşıram. Amma buna münasibət bildirmək istəməzdim. Çünki hər kəsin futbola baxışı bir cürdür”.