Şahrudin Məhəmmədəliyev: "Qarabağ"dan başqa da təkliflərim var idi" - Müsahibə
12.08.2024 - 15:17
Şahrudin Məhəmmədəliyev: "Qarabağ"dan başqa da təkliflərim var idi" - Müsahibə

“Qarabağ”ın qolkiperi Şahrudin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib. 

- "Qarabağ"ın məşqində qolundan zədələndin. Hazırkı vəziyyətin necədir? Əməliyyata ehtiyac olmadı?
- Bəli, təəssüf ki, belə oldu. Məşqdə baş verdi. Hazırda reabilitasiya prosesini keçirəm. İndi sadəcə olaraq gözləmək lazımdır. Allaha şükürlər olsun ki, bu dəfə əməliyyata ehtiyac olmadı. Hazırda dediyim kimi, bərpa prosesini keçirəm. Yaxşı olmağa çalışıram.

- Bildiyim qədərilə, əvvəlki zədənizdir. Ümumiyyətlə, niyə tez-tez məhz həmin qolunuzdan zədələnirsiz? Bunun qarşısını necə almaq olar? 
- Doğrudur, eyni əlimdir. Amma bir az fərqli yerdəndir. Nəsə baş verirsə, biz onun qarşısını ala bilmərik axı, əlimizdən bir şey gəlmir. Allaha şükür ki, daha da pis olmadı. 

- "Qarabağ"a yenidən qayıtmağın bəziləri üçün gözlənilməz oldu. Yəqin ki, başqa klublardan təklifin var idi. Niyə məhz "Qarabağ"a qayıtdın?
- Bəli, elədir. Bir neçə variantım var idi. Sadəcə olaraq, ürəyimə yatmırdı. "Qarabağ" mənim üçün doğma, xüsusi klubdur. Ona görə də bu haqda çox da düşünməyə gərək olmadı. Lazım olanda, hər zaman kömək etməyə hazıram.

- Bəs, səni nə vaxt meydanlarda görəcəyik?  
- Bərpa prosesini keçirəm. Allahın köməyi ilə hər şey yaxşı olarsa, noyabrda məşqlərə başlamaq istəyirik.

- "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk görüşdə "Ludoqorets"ə uduzdu. Səncə, buna səbəb nə oldu? Rəqib güclü idi, yoxsa şanssızlıq yaşadınız?
- "Ludoqorets" ciddi komandadı. Heyətində çox güclü, bacarıqlı, keyfiyyətli oyunçuları çoxdur. İlk oyunda uduzmaq heç nə demək deyil. Çünki qarşıda cavab matçı olacaq. Allah qoysa, uşaqlar bizə lazım olan nəticə üçün hər şeyi etməyə çalışacaqlar. Komanda sona qədər mübarizəsini aparacaq. Həmişə belə olub. 

- "Qarabağ"da yenidən əsas qolkiper olmaq şansını necə dəyərləndirirsən? Hər halda, sən Fabyan Buntiç və Sadiq Məmmədzadədən daha şanslı hesab oluna bilərsən. Çünki bu komandanı, oyun stlini onlardan daha yaxşı tanıyırsan...
- Zədələnmişdim və indi bütün fikrimi bərpa prosesinə, sağalmağıma yönəltmişəm. Düzü, başqa fikrim yoxdur. Mən sadəcə sağlam olmaq istəyirəm. Bunun üçün çalışıram.

writer photo
Əlirza Əlirzalı
0