Samir Abasov: "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb"
25.05.2024 - 23:36
Samir Abasov: "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 36-cı turunda doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasobv matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim qalibiyyətin açarı azarkeşlər idi. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdır. Sumqayıt futbol şəhəridir. Futbolçularıma təşəkkürümü bildirirəm. Mövsüm bitdi, artıq biz də dincələrik. Ruh olaraq möhkəmləndik. Bu mövsüm bizim üçün gözəl təcrübə oldu.

- Avrokuboklarda hədəfiniz nə olacaq?

- İlin əvvəlində avrokubokları qarşımıza prioritet qoymamışdıq. Oyunumuzla bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Yeni komandayıq. Heyət baxımından problemlərimiz var. Bunu bir ayda həll etmək mümkün deyil. Yeni oyunçular gətirmək üçün vaxtımız azdır. Heç bir legioner futbolçu Azərbaycanı prioritet saymır. 5-6 minlik oyunçular 10 min tələb edir. Konfrans Liqasının dadını çıxaracağıq.

- Sizi göndərən "Neftçi" artıq avrokuboklardan kənarda qalıb. Onların düşdüyü durum haqda nə düşünürsünüz?

- "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb. Orada görülən yaxşı işlər var. Təzə rəhbərlik gəlib. Etmək istədikləri layihələrdən xəbərim var. Orada dostlarım çoxdur. Daha yaxşı, daha güclü "Neftçi" olacaq. Bunu əminliklə deyirəm. İstəyərdim ki, onlar da avrokuboklara getsinlər.

- Bəlkə həmin layihədə çatışmayan Samir Abasovdur?

- Samir Abasov "Sumqayıt"ın baş məşqçisidir. Fikirləşirəm ki, "Neftçi"yə lazım deyiləm. Zaur Əzizov dedi ki, səninlə müqavilə bağlanırıq, biz Avropa səviyyəli məşqçi istəyirik. Düşünürəm ki, "Neftçi"yə daha səviyyəli məşqçilər lazımdır.

writer photo
Əlirza Əlirzalı
0