"Qarabağ"ın veteran forvardı Samir Musayevin apasport.az saytına müsahibəsi
- "Qarabağ" "Molde" ilə matçda qələbə qazanmağı bacardı. Nəticə sizin üçün gözlənilməz oldu?
- Ağır matç olacağını ehtimal edirdim. Çünki "Molde" zəif komanda deyil. Ancaq bu matçda "Qarabağ" ən yaxşı oyunlarından birini oynadı. Norveç klubunu hər cəhətdən üstələdi. Meydanda bir komanda var idi, o da "Qarabağ".
- "Molde" "Qalatasaray"a qarşı ÇL-in pley-off görüşlərində yaxşı oynamışdı deyə, hamı onların "Qarabağ"a çətin anlar yaşadacağını ehtimal edirdi...
- "Molde" ağır komandadır. Ancaq "Qarabağ" həmin görüşdə ən yaxşısını etdi. Qarşısında kim olsaydı, "Qarabağ" qalib gələcəkdi. Məşqçilər korpusu rəqibi yaxşı təhlil etmişdi. Futbolçular da məşqçinin tapşırıqlarını yaxşı icra etdilər və sonda qələbə oldu.
- "Qarabağ"ın qrupdakı ilk oyununda üstün və çatışmayan cəhətləri nə idi?
- Onların üstün cəhətləri çoxdu. Ən vacibi futbolçuların bir-birini tamamlaması oldu. Komanda sanki motor kimi idi. Hər kəs nə edəcəyini yaxşı bilirdi. Mənfi cəhət bu oyunda olmadı. Çatışmayan şeyləri Qurban müəllim və məşqçilər korpusu daha yaxşı bilirlər.
- "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz? "Qarabağ" "Molde" və "Hakken"lə qrupda ikincilik uğrunda mübarizə aparacaq?
- Əlbəttə ki, bu qələbə "Qarabağ"ın qrupdan çıxmaq şansını artırdı. Ancaq hələ heç nə bilinmir. Sona qədər belə oyun oynasalar, komandanın qrupdan çıxmaq şansı çoxdur. Rəqiblərə gəldikdə, "Qarabağ" qrupda heç bir rəqibdən zəif deyil və bütün rəqiblər bir-birindən ağır, maraqlı komandalardır. Hər birinin öz üstünlüyü var.
- Andrey Lunyov "Qarabağ"a gələnə qədər son iki mövsümdə cəmi iki oyun keçirmişdi. "Molde"yə qarşı etibarlı oynadı. Onun performansını necə dəyərləndirirsiniz?
- Oyun təcrübəsi az olsa da, çox yaxşı təsir bağışladı. Getdikcə həm komandaya kömək edəcək, həm də oyun praktikasını artıracaq. Hələ ki, başqa nəsə deyə bilmərəm.
- Özünüz də hücumçu olmusunuz. "Qarabağ"ın forvardı Juninyo haqda fikriniz necədir? Sizcə, o, Ağdam klubuna lazım olan forvarddır?
- Juninyo hələ ki, "Qarabağ"ın oyununa tam adaptasiya olmayıb. Bir az vaxt lazımdır. Hücumçu keyfiyyətləri yetərincədir. Zaman keçdikcə, həmin keyfiyyətlərindən istifadə edəcək və komandaya daha çox xeyir verəcək. Bir-iki oyunla nəsə demək çətindir. Ümidvaram ki, hər şey yaxşı alınacaq.