Saşa Yunisoğlu: “Biz güclü komandaları udurduq, indi millidə ruh görmürəm” - Müsahibə
12.10.2023 - 15:49
Saşa Yunisoğlu: “Biz güclü komandaları udurduq, indi millidə ruh görmürəm” - Müsahibə

Azərbaycan milli komandasının sabiq futbolçusu Saşa Yunisoğlunun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi sabah Estoniya ilə üz-üzə gələcək. Tallindəki görüşdə yığmamızın uğurlu nəticəsinə inanırsız? 
- Şəxsən mən, həmişəki kimi milli komandamızdan qələbə gözləyirəm. Estoniya millisi bizim səviyyəmizdə olan komandadır. Düşünürəm ki, bu qrupda ən azından estonları udmalıyıq. Amma Estoniya ilə Bakıdakı matçdan sonra millimizin səfərdən yaxşı nəticə ilə qayıdacağı çətin görünür. Üstəlik, həmin qarşılaşma Estoniyaya əlavə motivasiya verib. Onlar 100 faiz meydançaya üç xal üçün çıxacaqlar. 

- Milli komandamıza cəlb olunan futbolçular barədə hansı fikirdəsiz? Legioner həyatı yaşayan oyunçularımız da az deyil...
- Məncə, heyətin 90 faizi ən yaxşılardır. Yusif Nəbiyev, Emil Səfərov və Nəriman Axundzadənin adlarını görmək məni sevindirdi. Onlar öz oyunu ilə milliyə dəvəti qazandılar. Bu arada, Höccət Haqverdini milliyə yenə çağırıblar. Bunu anlaya bilmirəm. Klubda oynamayan futbolçunun millidə nə işi var axı? Onun əvəzinə “Araz-Naxçıvan”dan Abdulla Rzayevi, “Turan-Tovuz”un kapitanı Şəhriyar Əliyevi çağırsalar pis olmazdı. Ən azından Abdulla gəncdir, çox perspektivlidir. Milliyə dəvət onun üçün böyük motivasiya olardı. Şəhriyar isə təcrübəli və etibarlı müdafiəçidir. 

- Hazırda millidə perspektivli futbolçular yer alıb. Buna görə də, hazırkının ən yaxşı yığma olduğu deyilir. Razısız? 
- Hərə öz dövründən danışır. Hər kəs öz yaşına uyğun millimizin nəslindən danışır. Deməyəcəm ki, bizim vaxtımızda milli güclü idi. Hamı deyəcək neyləmişdiniz ki? Hansı nəticə var? Ən azından, biz o vaxt güclü rəqiblərə qarşı oyunlarda azarkeşlərimizi sevindirməyi bacarırdıq. Oyunun əvvəlindən rəqibdən qorxub, təslim olmurduq. 90 dəqiqə ərzində meydançada can qoyurduq. Həm də, adlara baxsaq, o dövrün ən yaxşıları millidə oynayırdı. Kamran Ağayev, Mahir Şükürov, Rail Məlikov, Ruslan Abışov, Vüqar Nadirov, Rauf Əliyev kimi oyunçularımız var idi. Biri “Rubin”də, biri “Anji”də, o biri Portuqaliyada, Niderlandda oynayırdı, mən Polşada çıxış edirdim. Həqiqətən də, maraqlı komandaya sahib idik. İndi isə yığmada birlik, istək və milli ruhu görmürəm. Ancaq bu milli çox güclü ola bilər.

- Millimiz Estoniyaya qarşı Bakıda zəif oynamış və rəqibi ilə 1:1 hesablı heç-heçə etmişdi. Tallində bu nəticə təkrarlanar? 
- Dediyim kimi, Bakıdakı oyun göstərdi ki, millimiz gözlədiyimiz kimi çıxış etmir. Bu mənada yaxşı nəticə gözləmək çox çətindir. Estoniyalılar elə bizim kimi tək bu oyuna bel bağlayırlar ki, üç xalı alıb qrupda sonuncu yerdə olmasınlar. Oyun çətin keçəcək, bu, əvvəlcədən bilinir. Üç xal qazanmaq üçün meydançada tək bacarığını yox, canını da verməlisən. Belə olan halda isə nəticəyə ümid edə bilərik. Çox istəyirəm ki, millimiz Estoniyanı məğlub etsin. Heç olmasa, bir az sevinək.

- Estoniya və Avstriya matçlarından ümumilikdə altı xal götürmək nə dərəcədə realdır? 
- Milli komandamızın son nəticələri ümidlərimizi sıfıra endirir. Nə qədər çox istəsək belə, bu iki oyunda altı xal götürməyimiz real görünmür. Çünki bu bizim istəyimizlə deyil. Bu futbolçuların istəyindən irəli gəlir. Onlar hamıdan çox istəməlidir. Amma onların gözlərində işıq yoxdur. Ona görə də deyirəm ki, millidə istək sıfırdır. Təbii ki, mən altı xal gözləyirəm və istəyirəm. Ümid edək ki, futbolçularımız onu istəsinlər və bu görüşlərdən ən azı 4 xal qazansınlar. Millimizə uğurlar arzu edirəm. 

- Estoniya 14 qol buraxdığı üçün son pillədədir, millimiz isə 9 top buraxıb. Sizcə, qrupda sonuncu yeri tutmamaq alınacaq? 
- Qrupda indiki vəziyyət elədir ki, sonuncu olmamaq üçün ən azından üç xal qazanmalıyıq. Maraqlısı odur ki, mövsümün əvvəli biz qrupdan çıxmaq haqda danışırdıq, azı üçüncü yeri tutmaq şanslarından söhbət edirdik. Amma mövsümün sonunda axırıncı olmamaq haqda danışırıq. Üçüncü yerə şans yoxdursa, onda nə fərqi var, 5-ci, yoxsa 6-cı yer? Sadəcə istəyirəm ki, millimiz hər oyunda qələbə qazansın. O zaman qrupdakı vəziyyətdən danışa bilərik. Əgər biz qalib gələ bilmiriksə, onda qrupdakı hansısa yer tutmağımızdan danışmağın mənası yoxdur. 

- Millinin aparıcı müdafiəçiləri - Bəhlul Mustafazadə və Bədavi Hüseynovun olmaması oyuna necə təsir edəcək? 
- Bəli, təəssüf ki, hər ikisi zədəlidir. Allah onlara şəfa versin. Yəqin ki, Höccət Haqverdi oynayacaq. Bu matçda da oynamasa, onda bilmirəm, Höccəti milliyə niyə çağırırlar?
 

writer photo
Əlirza Əlirzalı
0