Saşa Yunisoğlu: “Canni de Byazi ilə vidalaşmaq ehtimalı böyükdür” - MÜSAHİBƏ
17.11.2023 - 14:58
Saşa Yunisoğlu: “Canni de Byazi ilə vidalaşmaq ehtimalı böyükdür” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlunun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin İsveç üzərində qazandığı qələbəni necə şərh edərdiz?  
- Gözəl oyun, layiqli qələbə və lazım olan nəticə. Möhtəşəm Şahruddin Məhəmmədəliyev, etibarlı və əzmkar müdafiə, kreativ orta xətt, effektli hücumlar, qələbəmizi belə şərh edərdim. Ümumiyyətlə, komanda 3:0 qalib gəlirsə, ancaq xoş sözlər demək olar. Millimizi möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm. 

- Ümumiyyətlə, matçdan öncə bu cür hesabın qeydə alınacağını ehtimal edərdiz? 
- Açığı, oyundan öncə hesabı elə 3:0 demək istəyirdim. Vurğulayırdım ki, millimizə səfərdəki məğlubiyyətin əvəzini çıxmaq üçün böyük şansdır. Tsiklin son ev oyunu olması da millimiz üçün əlavə motivasiya idi. Həmişə belə olub, hansısa turnirin son oyunlarında millimiz sürpriz edir. Ona görə də, şəxsən mən qələbəyə inanırdım. 

- Əslində, İsveçin qrupdan çıxmaq üçün heç bir iddiası qalmamışdı. Bunun qələbəmizdə təsiri oldu, yoxsa necə? 
- Düzdür, isveçlilərin qrupdan çıxmaq üçün artıq şans qalmamışdı, ona görə bəlkə onlar lazımı qədər motivasiyalı deyildilər. İkinci çox vacib amil odur ki, 5:0 hesablı qələbədən sonra İsveç Bakıya çox rahat gəlmişdi. Elə birinci qol da bunun göstəricisidir. Düşünürdülər ki, yenə 3-4 qol vuracaqlar. Bu da İsveçin böyük bir səhvi idi. Təbii ki, millimizin qələbəsini aşağılamaq fikrim yoxdur, əksinə millimiz böyük iş gördü və oyuna düzgün yanaşdı. Rəqibin sərbəstliyi elə 1-ci dəqiqələrdə layiqincə yüksək pressinqlə cəzalandırdı, öz xeyrinə istifadə etdi və iki qol vurduq. Ondan sonra isə qapıçımızın möhtəşəm seyvləri və müdafiə fazasında göstərilən əzmkarlıq millimizə qələbə qazandırdı. 

- Demək olar ki, milli qrupdakı ən yaxşı oyununu oynadı, yoxsa sizcə, əvvəlki matçlarda da yaxşı oynamışdıq? 
- Canni De Byazinin dönəmində millimiz ən yaxşı oyununu oynadı. Hər komponentdə demək olar ki, ciddi səhvləri etmədən oynadılar. Səhvsiz futbol olmaz, onda Şahruddin yerinda idi. Millimizin üzvləri meydanda maksimumunu qoydu. 

- Emin Mahmudovun vurduğu qolu necə şərh edərdiz? 
- Desəm ki, Eminin qoluna təəccüblənmədim, yanılmaram. Çünki Emin çox kreativ və təcrübəli oyunçudur. Əminəm ki, Emin bu zərbədən dəqiqələr öncə artıq həmin zərbəni fikirləşmişdi. Çünki qapıçı tez-tez önə çıxırdı və Emin sadəcə fürsət axtarırdı. Fürsət yaranan kimi də onu qaçırmadı. Zərbə isə sadəcə möhtəşəm alındı. 

- Bəhlul Mustafazadə qırmızı vərəqə aldı və növbəti görüşdə oynamayacaq. Bunun təsiri olacaq? 
- Bəhlul hazırda Azərbaycanın ən yaxşı sonuncu müdafiəçilərindən biridir. Bəlkə də, birincisidir. Son oyunlarda həm klubda, həm millidə çox yaxşı performans göstərir. Təbii ki, onun yoxluğu bugünkü millimiz üçün böyük itkidir. Amma bu futboldur. Qaydalar belədir. Bəhlulun əvəzliyicisi tapılacaq. Amma onun kimi xeyir verə biləcək ya yox, onu zaman göstərəcək. Belçika ilə səfərdə çox çətin olacaq. 

- Belçika ilə matçda milli komandamızın hansı nəticəni göstərəcəyini ehtimal edirsiz? Vaxtı ilə Bakıda onlardan bir xal almışdıq. Bu dəfə bunu səfərdə etmək mümkündür? 
- Hər zaman rəqibdən və məkandan asılı olmayaraq millimizdən qələbə gözləyirəm. Ən azından İsveçə qarşı olan oyunun keyfiyyətini gözləyirəm. Yaxşı nəticəyə ümid edə bilərik. 

- Milli son tura qədər qrupu üçüncü bitirmək şansını saxlayır. Canni De Byazi məsələsi hələ də açıq olaraq qalıb. Sizcə, italiyalı işinə davam etməli və növbəti tsikldə qarşısına qrupdan çıxmaq iddiası qoyulmalıdır? 
- Təki millimiz bütün oyunları İsveçə qarşı oynadığı kimi oynasaydı. Əgər bir oyuna görə qiymət veririksə, onda İsveçlə oyun onu göstərir ki, Canni De Byazi postunda qalmalıdır. Amma ümumi nəticələri hesablayanda, düşünürəm ki, onunla vidalaşmaq ehtimalı böyükdür. Hər halda əminəm ki, AFFA Azərbaycan futbolunun inkişafını düşünərək düzgün qərar verəcək.

writer photo
Əlirza Əlirzalı
0