Saşa Yunisoğlu: "Fernandu Santuş bizə yenilik gətirə bilər" - Müsahibə
03.09.2024 - 14:37
Saşa Yunisoğlu: "Fernandu Santuş bizə yenilik gətirə bilər" - Müsahibə

Azərbaycan milli komandasının veteran müdafiəçisi Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib. 

- Azərbaycan milli komandasının qarşıda İsveçlə oyunu var. Öncə, qarşıdakı oyunlar üçün dəvət edilən futbolçu siyahısı ilə bağlı fikrinizi bilmək istəyərdim... 
- Qarşıdakı oyunlara dəvət edilən futbolçularla bağlı nəsə deməyə ehtiyac yoxdur. Milli üçün futbolçu seçimi elə də çox deyil. Hər zaman eyni oyunçulardır. Bəlkə 3-4 yeni ad görə bilərik. Bu dəfə də elə oldu. 

- Heyətdə sizin üçün gözlənilməz kimsə var idi? Ümumiyyətlə, gözlədiyiniz, ancaq dəvət edilməyən kim qaldı? 
- Açığı bütün adlar gözlənilən idi. Heyətlə bağlı hərənin öz düşüncəsi ola bilər. Hər kəs deyə bilər ki, kimsə çağırılmalıydı və niyə kənarda qaldı? Ya da ki, kimsə milliyə dəvət almamalıydı. Amma millinin baş məşqçisi var və o da öz seçimini edib. Bizim isə öz fikrimizi bildirməyimiz mənasız olacaq. 

- Fernandu Santuşun Azərbaycan millisində ilk oyunu olacaq. Matçdan öncə az vaxtı olacaq. Necə düşünürsən, bu müddətdə Santuş futbolçulara nə tapşırıq verib, onlara oyun fəlsəfəsini qavrada bilər? 
- Düzdür Santuşun 1-ci oyunu olacaq. Bir tərəfdən bu qısa müddətdə nəsə etmək və qlobal dəyişiklik etmək mümkün deyil. O, hələ oyunçularla da tanış deyil və onların adlarını çəkəndə belə çətinlik çəkir. İkinci tərəfdən isə bu milli komandadır. Burada vaxtın məhduddur. Millinin baş məşqçisini sehrbaza bənzətmək olar. Onun işi qısa müddətdə heç nədən nəsə yaratmaqdır. Düşünürəm ki, birinci oyunda az da olsa, Santuşun iş prinsipləri görə biləcəyik. 

- Sizcə, İsveçlə matçda uğurlu nəticə mümkündür? Hər halda, Canni De Byazinin vaxtında onları Bakıda məğlub etmişdik. Bu oyunda həmin 3:0-ın təsadüf olub-olmadığı da bəlli olacaq?  
- Mən bu iki oyunu müqayisə etmək istəməzdim. Qalib gəldiyimiz matçda İsveç üçün əhəmiyyətsiz oyun idi. Onlar həmin oyuna motivasiyasız çıxmışdılar. Həmin matçda rəqibin əsl gücünü görə bilmədik. Budəfəki oyun tamamilə fərqli olacaq. Düşünürəm ki, biz başqa İsveç millisi görəcəyik. Unutmayaq ki, motivasiyalı İsveç keçən seçmə mərhələsinin birinci oyununda bizi 5:0 məğlub etmişdi. İsveç çox güclü rəqibdir. 

- Ümumiyyətlə, Santuşun Azərbaycan millisində uğurlu nəticələr qazanacağına inamınız var? Bu təyinatı perspektivli təyinat kimi görürsüz? Yoxsa, yaxşısı yerli mütəxəssis təyinatı idi? 
- Mən həmişə deyirdim ki, millidə yerli məşqçinin olmasının tərəfdarıyam. Amma Santuşun təyinatı millimizə və Azərbaycan futboluna öz faydasını, xeyrini verə bilər. Ən azından Santuş dünyada tanınmış və uğurlu məşqçidir. Onun gəlişi ilə bəlkə biz futbola bir az geniş baxmağa başlayacağıq. Fernandu Santuş bizə yenilik gətirə bilər və qələbə ruhunu yeridə bilər. Ümidvaram ki, bu məşqçi Azərbaycan futboluna uğuru gətirəcək təyinatdır. 

writer photo
Əlirza Əlirzalı
0