Saşa Yunisoğlu: "Neftçi" "Qəbələ"dən üstündür” - MÜSAHİBƏ
03.06.2023 - 13:29
Saşa Yunisoğlu: "Neftçi" "Qəbələ"dən üstündür” - MÜSAHİBƏ

"Qəbələ" və "Neftçi"nin sabiq futbolçusu Saşa Yunisoğlunun apasport.az saytına müsahibəsi

- "Neftçi" və "Qəbələ" klubları bu gün Azərbaycan kubokunun finalında gələcək. Oyun öncəsi hansı tərəfi daha üstün hesab edirsən? 
- Hər iki komanda mənə yaxındır. Hər ikisində də gözəl anlar yaşamışam. Ona görə hər hansı tərəfə azarkeşlik etməyəcəm. Büdcə və heyətlər baxımından təbii ki, "Neftçi" "Qəbələ"dən üstündür. Ancaq son vaxtlar Elmar Baxşıyevin komandasının göstərdiyi oyun "Qəbələ"nin uğuruna ümid verir.

- "Qəbələ"dən gözləntilər çox olmasa da, dördüncü yeri tutaraq avrokuboklara vəsiqə qazandı. "Neftçi" isə çempionatda titul qazana bilmədiyindən final görüşünə təzyiq altında çıxacaq. Bunun "Qəbələ"yə faydalı olacağını düşünmək olar? 
- "Neftçi" elə klubdur ki, hamı onlardan ancaq qələbə gözləyir. İkinci və üçüncü yer heç kimə lazım deyil, bu, uğur sayılmır. Bu, normaldır. "Neftçi" Azərbaycanın futbolunun əfsanəsidir, böyük tarixə malikdir. Klubun büdcəsi ən yuxarı yerlər üçün mübarizə aparmağa imkan verir. Ona görə də, "Neftçi"də tələblər başqadır. Bu il çempionatda üçüncü yeri tutdular. Bu uğursuzdur və kubok onlar üçün axırıncı şansdır ki, mövsümü titulla başa vursunlar. Düşünürəm ki, "Neftçi" kubokda böyük təzyiq altında oynayacaq. "Qəbələ" isə avrokuboklara vəsiqə qazandı və məqsədinə çatdı.  Kubokun finalı onlar üçün əlavə motivasiya olacaq. Amma "Qəbələ" çox rahat futbol oynayacaq.

- Finalla bağlı gözləntilərin necədir? Səncə hansı tərəf daha hücumameyilli oynayacaq?
- Çox maraqlı oyun olacaq. Hər iki komanda bu mövsümdə hücumda yaxşı, sürətli futbol oynayır. Xüsusən də, "Qəbələ"nin oyunun fərqləndirərdim. Düşünürəm ki, bolqollu matç izləyəcəyik.

- Matçın "Bakcell Arena"da keçirilməsinin "Neftçi" üçün üstünlüyü yoxdur?
- Finalın bu stadionda keçiriləcəyi öncədən bilinirdi. Hamı buna hazır idi. Bu stadionun gözəl atmosferi var və azarkeşlər ordakı matçlara çox həvəslə gedirlər. Təbii ki, bu stadion "Neftçi" üçün doğma stadiondur, cüzi olsa da, komandanın üstünlüyüdür. Amma "Qəbələ"də təcrübəli oyunçular və onlar üçün harada oynamağın fərqi yoxdur.   

- Son vaxtlar Emin Mahmudovun "Neftçi"də qalıb-qalmayacağı daha çox müzakirə edilir. O, "Neftçi"dən yüksəl məbləğ tələb etsə də, klub onunla müqavilə müddətini artırmalıdır?
- Futbolda əvəzolunmaz oyunçu yoxdur. Ronaldo "Real"dan getdi, amma onlar yenə də iddialıdır. Messi "Barselona"dan getdi, ancaq onlar çempion oldular. Emin Mahmudov çox yaxşı futbolçudur, Azərbaycanın ən yaxşılarındandır. Bu il də ilin futbolçusu seçildi. Onun "Neftçi"də olması klub üçün böyük uğurdur. Emin hər mövsüm, hər oyun öz sözünü deyən futbolçudur. Əgər tərəflər arasında danışıqlar müsbət olacaqsa, Emin klubda qalacaq. Bu, həm "Neftçi", həm də Azərbaycan futbolçu üçün gözəl olacaq. O, artıq "Neftçi"nin bir parçası oldu. "Neftçi"ni Eminsiz təsəvvür etmək çətindir. Amma şəxsi fikrim belədir ki, danışıqlar hansısa astronomik məbləğdən gedirsə, onda düşünürəm ki, bu pulu akademiyaya, digər vacib işlərə xərcləmək daha yaxşı olardı. 

writer photo
Əlirza Əlirzalı
0