Saşa Yunisoğlu: “Təəssüflər olsun ki, bu nəsil də biabırçı hesabla uduzur” - MÜSAHİBƏ
18.04.2023 - 11:13
Saşa Yunisoğlu: “Təəssüflər olsun ki, bu nəsil də biabırçı hesabla uduzur” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının veteran müdafiəçisi Saşa Yunisoğlunun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik edilmədi. Canni de Byazi postunda saxlanıldı. İtaliyalının istefaya göndəriləcəyini ehtimal edirdin? 
- Bəli, hamı gözləyirdi ki, de Byazi gedəcək. Çünki son iki matçda göstərilən nəticə bütün suallara cavab verirdi. Seçmə mərhələ oyunlarından əvvəl isə başqa cür nəticə gözləyirdik. Ancaq yenə də köhnə hamam, köhnə tas. Təəssüf ki, belə oldu. Baxaq söhbət hansı uğursuzluqlardan gedir. Əgər komanda döyüşüb, meydanda can qoyub, məğlub olmasına baxmayaraq potensial görünsəydi.... Göstərilən oyun ümid versəydi ki, növbəti matçlarda bir-iki komponentdə belə artırsalar, yaxşı nəticə əldə edə biləcəklər, onda deyərdim ki, iki oyuna görə baş məşqçini dəyişməzlər. Ancaq burada vəziyyət fərqlidir. Avstriya və İsveç matçları göstərdi ki, bu komandadan uğur gözləmək çətin məsələdir. Oyunlara yaxşı başlasaq da, sonradan komanda tamamilə çökür. 

- Səncə, Canni de Byazi növbəti matçlarda milli komandanı uğursuz zolaqdan çıxara bilməyəcək? 
- Yaxşı nəsə gözləmək çətindir. Bəli, de Byazi postunda qalıb. Biz indi ancaq ümid etməliyik ki, nəsə dəyişsin. Çünki hamımız millinin uğur qazanmasını istəyirik. Bizdən əvvəlki nəsil heç nə edə bilmədi, bizim vaxtımızda bəzi oyunlardan başqa uğursuzluq oldu. Təəssüflər olsun ki, bu nəsil də biabırçı hesabla uduzur. Çox istəyərdim ki, millimiz uğurlar qazansın.
 
- Yığmada yerli məşqçinin işləməsinin zamanı hələ çatmayıb? 
- Çoxdan çatıb. Çünki xaricdən gələn heç nə edə bilmirsə, onda elə azərbaycanlı işləsin. Birində alınmırsa, digər azərbaycanlı işləsin. Niyə xaricdən məşqçi gətirirlər ki? Bizdə ən azı 3-4 məşqçi var ki, millidə rahat işləyə bilər. 

- Konkret olaraq ad çəkə bilərsiz?
- Savadlı, yerli mütəxəssislərimiz var. Adlarını çəkmək istəmirəm. 

- Necə fikirləşirsən, seçmə mərhələdəki iki məğlubiyyət ardıcıl beş qələbənin əhəmiyyətsiz olduğunu göstərdi, yoxsa təsadüf idi?  
- Əlbəttə ki, 5 oyundakı qələbələr əhəmiyyətsizdir. Çünki həmin beş qarşılaşma bu seçmə oyunlara hazırlıq kimi qiymətləndirilirdi. Məhz bu iki seçmə matçda əsl hazırlıq səviyyəsini göstərməli idik. Əgər elə deyilsə, onda həmin beş oyun nə üçün idi? Avstriya və İsveçlə oyunda gördük ki, beş qalibiyyət bizə heç nə vermədi. Seçmə mərhələdə yenə də çıxıb uduzduq.
 

writer photo
Əlirza Əlirzalı
0