İsveçin “Savadalens” klubunun yarımmüdafiəçisi Ayxan Cabbarovun apasport.az saytına müsahibəsi
- "Savadalens"də qollar vurdun, assistlər etdin. Son mövsümü karyeranın ən yaxşı ili saymaq olar?
- Hər şey yaxşı keçdi. 33 oyuna 5 qol vurub, 12 assist etdim. Ən yaxşı mövsümlərimdən biri oldu. Bəlkə də, elə ən yaxşısıdır. Çalışdım ki, ən yaxşı performans göstərim, komandama xeyir verim. Alındısa, mənim üçün daha xoşdur.
- Artıq “transfer pəncərəsi” açılıb. Maraqlıdır, səni hansı klubda görəcəyik?
- Bəli, "transfer pəncərəsi" 10 gün qabaq açılıb. Təkliflər var, az deyil. Bir neçə klub məni heyətində görmək istəyir. Agentlərim bu işlərlə məşğuldur. 100 faiz hansı komanda olacağı hələ ki, bəlli deyil. Agentlər də istəyir ki, mənim üçün ən yaxşısını etsinlər.
- Daha çox üstünlüyü İsveçdə qalmağa və orada üst liqalardan birində oynamağa verəcəksən? Yoxsa, başqa ölkəyə getməyə də hazırsan?
- Fərqi yoxdur. İstər İsveç, istər Avropanın başqa klubu onsun. Təklifə baxır. Agentlərin və mənim nə düşündüyümün burada önəmi var. Gərək şərtlər uyğun olsun. İsveçin üst liqası və ya Avropa təmsilçiləri olsa gedərəm.
- Təkliflər arasında Azərbaycan klubu var? Yoxsa səni heyətlərində görmək istəsələr belə xaricdə qalmaq istəyirsən?
- Xeyr, Azərbaycan Premyer Liqasından təkliflər yoxdur. Adını çəkməyəcəm, amma 1-2 klub var ki, onlardan təklif olsa, baxmaq, gözdən keçirmək mümkündür.
- İsveç və Azərbaycan futbolunda sənin gözündə ən böyük fərq nədir?
- İsveçdə fiziki hazırlığa daha çox üstünlük verirlər. Amma tək bu da deyil. Sürət və texnikaya da diqqət göstərilir. İsveç yığmalarında da, klublarında da bunu görə bilərsiz. Fiziki durumun yerində olmalıdır, sürət və texnikan da həmçinin.
- Xaricdə oynasan da, yığmağa dəvət edilmirsən. Səncə, indi yuxarı liqa klublarından birinə keçsən Azərbaycan millisindən dəvət gələ bilər?
- Xeyr, Azərbaycan yığmasına dəvət etmirlər. Niyəsini isə açığı, bilmirəm. Heç yerdə eşitməmişəm ki, bir ölkənin yüksək liqasında oynamalısan ki, səni milliyə dəvət etsinlər. Futbolda belə anlayış yoxdur, görməmişəm, eşitməmişəm... İnanmıram ki, insanlar da belə düşünsün. Burada aşağı liqada oynayıb, yığmaya dəvət olunan o qədər oyunçular var ki... Məsələn, Belçikanın aşağı liqasından milliyə çağırırlar. Baxır oyununa, texnikana, oyun anlayışına, fiziki hazırlığa.