“Səbail”in legioneri: “Mövsümün əvvəlində heç kim buna inanmırdı” - Müsahibə
13.03.2024 - 21:54
“Səbail”in legioneri: “Mövsümün əvvəlində heç kim buna inanmırdı” - Müsahibə

“Səbail”in aparıcı üzvünə çevrilən legioner Valdemar Almeyda "Pana" apasport.az saytına müsahibə verib. Anqolalı komandasının bu mövsümkü çıxışını dəyərləndirib.

- Son turda evdə "Sumqayıt"a uduzdunuz. Səncə, bu matçda xalsız qalmağınıza səbəb nə oldu?
- Düzdür, oyunu uduzduq. Lakin bu, xal və xallara layiq olduğumuz bir oyun idi. Futbolda elə günlər olur ki, top ümumiyyətlə rəqib qapısına girmək istəmir. Bu da həmin günlərdən biri idi. Amma biz “Sumqayıt”ın qapısına bir neçə dəfə yaxınlaşdıq, hətta penalti də qazandıq. Yaxşı oyun sərgiləmək mənim üçün daha önəmlidir. Çünki belə oynamaqla biz sıxlıqla, rahat qalibiyyətlər alacağıq. Əsas odur ki, komandamız çox yaxşı futbol oynayır.

- Bu mövsüm “Səbail"in "Sumqayıt"la matçları uğurlu alınmır. Bunun səbəbini nədə görürsən? "Sumqayıt" "Səbail" üçün uyğun olmayan rəqibdir?
- “Sumqayıt” bizim üçün tamamilə əlçatan rəqibdir. Çünki oynadığımız üç oyuna baxsaq, onlardan üstün futbol nümayiş etdirmişik. Lakin bu oyunlarda qələbə üçün bəxtimiz gətirməyib. Ancaq anlayırıq ki, bu futboldur və bu nəticələr də onun bir hissəsidir. Hələ ki, son deyil. “Sumqayıt”a qarşı daha bir oyunumuz da var. Həmin oyunda çox şey həll oluna bilər.

 - "Səbail" hazırda 37 xalla 5-ci pillədədir. Amma ikinci pillədəki rəqibdən cəmi 2 xal geri qalır. Hazırkı vəziyyət sizi razı salır? 
- Mən hazırkı nəticədən razı deyiləm. Çünki bu məqamda, ikinci yerdə olmağımızı daha çox istəyərdim. Amma ikinci yerə qayıtmağımız üçün də hər şey yenə öz əlimizdədir. Artıq istənilən komanda ilə lazımı səviyyədə oynaya biləcəyimizi göstərmişik. Bunun sübutu, sahib olduğumuz mövqedir. Bəlkə də, mövsümün əvvəlində heç kim buna inanmırdı.

- “Səbail”in bu mövsüm avrokuboklara vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsən? Avrokuboklara vəsiqə qazana biləcək gücü özünüzdə hiss edirsiniz?
- Mən buna tamamilə inanıram. Çünki biz son dövrəyə gedirik və həmişə ön yerlərdə olmuşuq. Bu, bizim çempionat kimi marafonda stabilliyimizi, ardıcıllığımızı sübut edir. Oyunumuzu təkmilləşdirmişik. Sona qədər bütün “Səbail”lilərə sevinc bəxş etmək üçün, yuxarı pillələr üçün mübarizə aparacağıq. 

- “Səbail”in növbəti görüşü "Neftçi"yə qarşıdır. "Neftçi" də bu mövsüm o qədər yaxşı çıxış etmir. Səncə, "Neftçi"ni məğlub edə biləcəksiniz?
- “Neftçi” yaxşı oynamasa da, oyundan-oyuna daha yaxşı oldular. Təbii ki, bu dəfə də asan matç olmayacaq. Çünki onların tarixi klub olduğunu bilirəm. Amma bizim hədəflərimiz var və turnir cədvəlinin yuxarılarında olmaq üçün qalib gəlməyə çalışacağıq.

writer photo
Əlirza Əlirzalı
0