Şəfəq Hüseynli Avropa Şurasında vəzifəyə seçildi
28.04.2023 - 23:00
Şəfəq Hüseynli Avropa Şurasında vəzifəyə seçildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurası Antidopinq Konvensiyasının ali qurumu olan monitorinq qrupunun sədr müavini vəzifəsinə seçilib.

AMADA-dan apasport.az-a verilən məlumata görə, bununla bağlı qərar Strasburqda Konvensiyanın rəhbər qurumlarına keçirilən seçkilərdə qəbul olunub.

Monitorinq qrupu 52 ölkənin nümayəndə heyətindən və müşahidəçi beynəlxalq təşkilatlardan (Ümumdünya Antidopinq Agentliyi, Beynəlxalq Olimpiya Komitəsi, UNESCO və s.) ibarətdir. Monitorinq Qrupunun vəzifəsi Antidopinq Konvensiyasının bütün üzv dövlətlərdə icrasına nəzarət etməkdir.

Ş. Hüseynli bu vəzifədə Antidopinq Konvensiyasının üzv dövlətlərdə lazımi icrası üçün strateji istiqamətlər, qərar layihələri, eləcə də Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilməsi üçün tövsiyə xarakterli icra sənədləri hazırlayacaq. Eyni zamanda üzv dövlətlərdə Antidopinq Konvensiyasının icrasına nəzarət edilməsini əlaqələndirəcək.

Bununla yanaşı, AMADA sədri Koordinasiya Qrupuna üzv olacaq. Avropa Şurasının bütün antidopinq fəaliyyətini hazırlamaq, əlaqələndirmək və ona nəzarət etmək vəzifəsi də Ş.Hüseynliyə həvalə edilib.

AMADA rəhbəri Avropa Şurasının Antidopinq Konvensiyası Monitorinq Qrupunun sədr müavini seçildiyi üçün məmnun olduğunu bildirib: "Avropa Şurasının katibliyinə və üzv dövlətlərə etimada görə minnətdarlığımı bildirirəm. Ölkə başçısı cənab İlham Əliyevin fərmanı ilə antidopinq siyasətinin beynəlxalq standartlara uyğun həyata keçirilməsi üçün yaradılan şərait və dəstək nəticəsində dünyada qlobal antidopinq hərəkatında nümunəvi təşkilatlardan biriyik. Qlobal çərçivədə bir çox işlər görürük. Mən Avropa Şurasının bu ali qurumunda növbəti iki il ərzində həm bizim, həm də digər idmançıların beynəlxalq arenada bərabər rəqabət aparmasını təmin etmək üçün innovativ həllər və təkmilləşdirmə layihələri irəli sürməyə hazıram".

Qeyd edək ki, Ş.Hüseynliyə bu vəzifələri yerinə yetirməsi üçün 4 sahə üzrə (uyğunluq, hüquq, təhsil və elm) məsləhətçi qrupların rəhbərləri dəstək olacaq. Ümumi olaraq, Antidopinq Konvensiyasının rəhbər heyəti Kipr (sədr), Azərbaycan (sədr müavini), Fransa (hüquq üzrə məsləhətçi), Polşa (uyğunluq üzrə məsləhətçi), Birləşmiş Krallıq (elm üzrə məsləhətçi) və Niderland (təhsil üzrə məsləhətçi) ölkələrindən ibarət olacaq. Səlahiyyətlərin icrası müddəti seçkilərin keçirilməsinin növbəti günündən başlayır.

writer photo
Əlirza Əlirzalı
0