"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev apasport.az saytına müsahibə verib.
- "Turan Tovuz" "Sumqayıt"la matçda qələbə qazanmağı bacardı. Həmin görüş sizin üçün necə alındı? Matçla bağlı fikrin necədir?
- "Sumqayıt" avrokuboklarda oyun oynamışdı. Çempionatda da ilk turda qalib gəlmişdi. Premyer Liqada formada olan komandalarımızdan biridir. Oyunun ağır olacağını yaxşı anlayırdıq. Məncə, rəqibi də düzgün analiz etmişdik. Sonda qələbə qazanan tərəf olduq. Ağır matç oldu. Asan olmayacağı da dəqiq idi. Rəqibə qol vurmaq şansları vermədik, özümüz də düşən imkandan yararlandıq.
- Rəqibiniz mövsümə daha yeni başlamışdı, avrokuboklarda da mübarizə aparmışdı. Onlara qarşı oynamaq sizin üçün çox çətin idi, yoxsa, səncə, üstün olan tərəf siz idiniz?
- Bayaq dediyim kimi, rəqib bizdən tez yığışmışdı. Avrokuboklarda oyun oynamışdı, həm də çempionatda ilk görüşdə qələbə qazanmışdılar. Bəlkə də psixoloji cəhətdən bizdən üstün ola bilərdilər. Amma çalışdıq ki, düzgün oynayaq. İlk yarıda real qol şanslarımız daha çox idi. Şükürlər olsun ki, yaxşı oynayaraq qələbə qazandıq.
- İki oyuna dörd xal qazanmısınız. Necə düşünürsən, hansı matçda komanda daha da yaxşı oynamağı bacarıb? "Neftçi", yoxsa "Sumqayıt" görüşü?
- "Neftçi" ilə görüş sezonun ilk oyunu idi. Rəqiblər hamısı bir-birini tanımır. Çünki sezon yeni başlayıb, yeni futbolçular var, kollektivlər yenidir. Həmişə liqanın ilk turları ağır olur. Bunu da görürük. Sonradan isə rəqibləri tanıyırsan, analiz edirsən, zəif və üstün tərəflərini görürsən. "Neftçi" ilə görüşdə də pis oynamamışdıq. Hətta "Neftçi"ni məğlub edə bilərdik. Analizlərdə baxırıq ki, səhvlərimiz də var idi. Lakin bu səhvləri məşqlərdə aradan qaldırmağa çalışırıq ki, digər oyunlarda təkrarlamayaq. Oyundan-oyuna daha yaxşı olmağa çalışacağıq.
- Kurban Berdıyevin oyun stilinə tam olaraq öyrəşmisiniz?
- Baş məşqçinin istədiklərinin bəlkə də yarısını yerinə yetirməmişik. Bu mənim fikrimdir. Pillə-pillə irəliləyirik. Tam bildiklərini bizə deyir. Tam o səviyyəyə gəlməmişik, pillə-pillə öyrənirik. Müsahibələrdə bizdən razılıq edə bilər. Amma iclaslarda bizim, həqiqətən, çox səhvlərimizin olduğunu izah edir. Hər bir detala kimi fikir verir, öyrədir. Başa düşmədiyimiz məqamları da bizə başa salır ki, bunları burada belə etməlisiz. Pillə-pillə irəliləyirik. Daha da yaxşı olacağıq.
- Hər oyunda daha çox müdafiə olunursunuz. Necə düşünürsən, hər matçda bu qədər müdafiə olunub döyüşmək futbolçuları çox yormayacaq? Yəni, uzun müddət, mövsümün sonuna qədər bu qədər mübariz oyunlar sizin üçün çətin olmayacaq? Fiziki durumunuz buna çatacaq?
- İki oyunda da bizim real qol şanslarımız rəqiblərdən daha çox olub. Həm hücumda, həm də müdafiədə yaxşı olmağa çalışırıq. "Neftçi" ilə ilk oyun idi, bəlkə də hücumda çoxala bilmədik. Amma qol şanslarımız yenə də var idi. "Sumqayıt"la matçda isə ilk yarıda real şanslarımız çox idi, 2-3 qol epizodu var idi, dəyərləndirə bilmədik. Müdafiədə də etibarlı olmağa çalışırıq. Lakin sırf müdafiədə olunmuruq. Sadəcə oyundur da, hesabda öndə olursansa, rəqib təzyiqi artırır. Düşünmürəm ki, tam müdafiə olunuruq. Baş məşqçimiz ilk gündən elə fiziki durumumuzun yüksək səviyyədə olmasını tələb edirdi. Toplanışda da bunları deyirdi. Kurban Berdıyev deyirdi ki, bu səviyyədə futbol oynamaq istəyiriksə, fiziki durumumuz yaxşı olmalıdır. Bunun da üzərində çalışırdıq. Oyundan-oyuna daha da yaxşı olacağıq. Sistem olaraq, komanda bir-birini daha yaxşı başa düşür. Liqanın ilk turudur deyə, bəlkə çətinlik çəkirik. Yeni baş məşqçimiz var, yeni oyun fəlsəfəsi var. Daha yaxşı olacaq.
- "Turan Tovuz"un növbəti turdakı rəqibi "Kəpəz"dir. Bu oyunda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? Səncə, "Kəpəz"i məğlub edə biləcəksiz?
- "Kəpəz" son iki oyunda uduzub. Amma onlar da mübarizə aparırlar. Çalışacaqlar ki, qalib gəlsinlər. Biz səfər komandası olsaq da, evdə oynayırıq. Çalışacağıq ki, həmin oyunda ideal formada olaq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirərək qalib gəlmək istəyirik. Asan oyun olmayacaq. Rəqibin hansı pillədə olmasından asılı olmayaraq, ağır oyun olacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.
- Qərb derbisidir, səfər matçı olsa da, evdə oynayacaqsız. Yəqin ki, bunun özü də sizin üçün yaxşıdır?
- Bəli, derbidir. Bu oyunlar çətin keçir. Komandaların mövqelərinə baxmayaraq, "Kəpəz" və "Turan Tovuz" komandalarının oyunu həmişə maraqlı keçir. Rəqibi düzgün analiz edib, boşluqlarını tapacağıq. Kurban Berdıyev də bizə tapşırıqlarını verəcək. Evdə oynayırıq. Bunun özü azarkeş sarıdan üstünlük ola bilər. Çempionatda asan matç yoxdur. Uğurlu nəticə istəyirik.