Şəhriyar Məmmədyarov FIDE reytinqinin ilk "10-luğ"unda
01.08.2022 - 11:18
Şəhriyar Məmmədyarov FIDE reytinqinin ilk "10-luğ"unda

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın bir təmsilçisi ilk “10-luğ”a düşüb.

Daha iki pillə irəliləyən Şəhriyar Məmmədyarov 2758 xalla 10-cu yerə yüksəlib. Teymur Rəcəbov da irəliləyişə nail olub. Aktivində 2747 xal olan qrossmeyster 3 addım irəliləyib. O, hazırda 15-ci yerdə qərarlaşıb.

Qədir Hüseynov 3 rəqibini qabaqlayıbsa, Rauf Məmmədov daha 1 addım geri gedib. Hüseynov 2668 xalla 78-ci, Məmmədov isə 2656 xalla 93-cüdür.

Reytinqə Maqnus Karlsen başçılıq edir (2864 xal). Çinli Liren Dinq 2-ci (2808), rusiyalı Yan Nepomnyaşi isə (2792) üçüncü sırada qalıb.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2466) 5 pilləlik irəliləyişlə 21-ci yerə qalxıb. Ülviyyə Fətəliyeva isə böyük sıçrayışa nail olub. O, 2413 xalla 41-ci yerə qədər irəliləyib. Əvəzində Gülnar Məmmədova (2380) 68-ci pilləyə düşüb, Gövhər Beydullayeva isə ilk “100-lüy”ü tərk edib.

Qadın şahmatçıların reytinqinə Yifan Hou başçılıq edir. Çinli qrossmeysterin aktivində 2650 xal var.

writer photo
Əlirza Əlirzalı
0