Azərbaycanlı futbol mütəxəssisi Sənan Qurbanovun apasport.az saytına müsahibəsi
- İsveçrədə “UEFA PRO lisenziya” məşqçilik seminarında iştirak etdiz. Səfəri necə dəyələndirərdiz?
- Maraqlı keçdi. Çox yaxşı seminar oldu. UEFA seminarı yüksək səviyyədə təşkil etmişdi. Biz də ora başda Aslan Kərimov olmaqla PRO kateqoriyasını oxuyan məşqçilərimizlə getmişdik. Azərbaycanla yanaşı, altı ölkə də ora gəlmişdi. Tanınmış mütəxəssislər var idi. Rafael Benites, Covanni Van Bronkhorst, “Mançester Siti”nin analitiki və digərləri...
- Tanınmış məşqçilərlə Azərbaycan futbolu haqda heç müzakirəniz oldu?
- Biz qruplara bölünmüşdük. Tanınmış mütəxəssislərə sadəcə olaraq suallar verirdik. Onlar barədə sual verdiyimizə görə, Azərbaycan futbolu haqda danışmadıq. Məsələn, İslandiya, Çexiya, Danimarkadan olan məşqçilərə öz futbollarımız haqda suallar verirdik, müzakirələr aparırdıq. İslandiyanın necə inkişaf etməsindən danışırdıq. Söhbətlərimiz oldu. Onlar da bizim futbolla maraqlandılar, soruşdular.
- Ölkəmizdə PRO kateqoriyasına malik məşqçilər az deyil. Amma liqada cəmi 10 komanda mübarizə aparır. PRO kateqoriyalı məşqçilərin hamısı iş tapa bilir?
- Bəli, PRO kateqoriyalı məşqçilərimiz çoxdur. Amma təəssüflər olsun ki, hamısı iş tapa bilmir. Həmçinin də, mən. İş tapmaq çətindir. İşsiz də alınmır. Gərək hər zaman beynin yenilənsin, aktiv həyat olsun. Düşünürəm ki, gələn ildən komanda sayı eyni qalsa da, birinci dəstədə və ya əvəzedicilərdə iş tapmaq mümkün olar. Aktiv həyat hamısından önəmlidir.
- Hər halda, bəlkə də ən sevindirici hal aşağı yaş qruplarından ibarət yığmalarımızda yalnız yerlilərin təyinatıdır. Razısan?
- Milli komandalar elə struktur, elə sistemdir ki, qısa vaxtda bir şey etmək olmur. Əslində, yığmalarımızda işləyən məşqçilər potensiallılardır. Öz üzərində də işləyirlər. Hamısını tanıyıram. Qısa vaxtda aldadıcı nəticə də bir şey deyil. Aşağı yaş qruplarında elə yerli məşqçilərimizin çalışması təqdirəlayiqdir, bəyəniləndir.
- Millidən söz düşmüşkən, əsas komanda bu ay Avstriya və İsveçlə səfərdə qarşılaşacaq. Necə düşünürsən, milli uğurlu nəticə əldə edə biləcək?
- Milli komandamızın çətin səfərləri var. Avstriya və İsveç matçları çətin keçəcək. İstəyərdik ki, start yaxşı olsun. Həm Avstriyada, həm də İsveçdə güclü oyunçular var. Amma bizim də, milli son matçlarda yaxşı təsir bağışladı. Bu nəticələr futbolçulara əlavə motivasiya vermiş olur. Təki üç xal olsun. Amma ən azından, ən pisi bir xal gözləyirik. Səfərdə oynadığımızı nəzərə alsaq, yaxşı oyunla bir xal gətirə bilsək, futbolçularda özünəinam artar. Bu, çox önəmlidir. Şahruddin Məhəmmədəliyev millidə də, “Qarabağ”da d çox yaxşı formada olan qapıçımız idi. Siyahı bilinmir. O qədər də geniş qapıçı heyətimiz də yoxdur. Səlahət Ağayevlə Emil Balayev arasında seçim olacağını düşünürəm. İkisi də, pis təsir bağışlamır.
- Mahir Emreli Türkiyə Super Liqasında debüt etdi. Onun “Konyaspor”dakı çıxışından gözləntiniz yüksəkdir?
- Mahir Polşada çox yaxşı təsir bağışladı. Hamımızı sevindirdi. Onun daha da önə gedəcəyini gözləyirdik. Çünki çox potensiallı oyunçudur, Polşada yaxşı başlamışdı, avrokuboklarda da qollarını vurdu. Düşündük ki, Mahir irəliyə addım atacaq. Təəssüflər olsun ki, Polşada bəzi problemlər yaşadı. Oradan ayrıldı, Zaqrebə getdi. Oynamaq şansı tapmadı. İndi də “Konyaspor”dadır. Ola bilər ki, ilk matçda elə də gözəçarpan oyun göstərmədi. Mahir üçün həyəcan siqnalı çalınmalıdır. Artıq Türkiyədə, “Konyaspor”da şansından maksimum istifadə etməlidir. Hər məşq, hər oyun onun üçün sonuncu kimi olmalıdır ki, geriyə addım olmasın. Nə qədər çox oynasa, şans qazansa, həm “Dinamo”nun diqqətini çəkmiş olar. Mahir özünü daha ideal formasına çatdırmalıdır ki, həm öz karyerası, həm də millimiz üçün faydalı olsun.