Sənan Qurbanov oğlunun “Neftçi”də əsas heyətdə oynamasından danışdı - MÜSAHİBƏ
16.01.2023 - 22:19
Sənan Qurbanov oğlunun “Neftçi”də əsas heyətdə oynamasından danışdı - MÜSAHİBƏ

Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanovun apasport.az saytına müsahibəsi

- Azərbaycan klublarının hamısı Antalyadadır və yoxlama görüşlərində iştirak edirlər. Daha çox diqqətinizi çəkən hansı komandamızın oyunu oldu? 
- Bu qış fasiləsindən səmərəli istifadə etməyə çalışırlar. Antalyada rəqib tapmaq və şərait baxımından da çox yaxşı yerdir. Komandalarımız da bundan yaxşıca faydalanmağa çalışırlar.

- "Qarabağ"ı "Rakov"a məğlubiyyəti necə, sizin üçün gözlənilməz oldu? Yoxsa, düşünürsüz ki, yoxlama görüşü olduğu üçün təhlükəli heç nə yoxdur? 
- Əlbəttə ki, "Qarabağ"ın məğlub olması, özü də bu hesabla, hamımız üçün sürpriz oldu. Düşünürəm ki, Ağdam təmsilçisinin yoldaşlıq oyununda məğlub olması, səhvləri görmək baxımından daha yaxşıdır. 

- Kadi Borgesin gedişini necə dəyərləndirirsiniz? 
- "Qarabağ" burada böyük klub olduğunu göstərdi. Avrokuboklarda uğurlu çıxışından sonra futbolçularının digər klublarla adı hallanması onların uğuru deməkdir. Futbolçulara belə təkliflər gəldiyi halda, onları saxlamaq çətin olur. Amma düşünsək ki, Kadi Portuqaliya ikinci liqasından, özü də, aşağı məvacibə gəlmişdi, belə inkişafı "Qarabağ"ın artırması, klubda hər şeyin düzgün getməsidir. İbrahima Vadji, Patrik Andrade də getdi. İctimaiyyət birmənalı qarşılamadı ki, komanda zəifləyə bilər. Amma belə olmadı. Komandada sistemin, oyun üslubunun olması, çətinliyi hiss etdirmədilər. 

- Yeni gələn Adama Diakabi yaydan futbol oynamayıb. Amma vaxtı ilə iki dəfə fərqli klublara 10 milyon avroya transfer olub. Onun transferi barədə fikirləriniz necədir?
- Məncə, yeni gələn futbolçu da qısa zamanda formasını yığacaq və komandanın istədiyi futbolu oynamağa çalışacaq. Düşünürəm ki, "Qarabağ"ın sistemi Diakabiyə də kömək edəcək. Necə ki, yerli oyunçularımız komandada çox yaxşı inkişaf edə bildilər. Bəhlul Mustafazadə, Ramil Şeydayev, Elvin Cəfərquliyev və digərlərin adını sadalamaq olar. Bu futbolçular "Qarabağ"da əməlli-başlı artırdılar, daha yaxşı oyunlarını göstərirlər. Əcnəbi oyunçular da "Qarabağ"da inkişaf edəcəklər. Məncə, ağdamlılar hələ yenə transfer edəcək. Diakabi transferi ilə kifayətlənəcəyini düşünmürəm. Doğrudur, qışda transfer etmək bir balaca çətindir. Məncə, bir neçə transfer də Qurban Qurbanovun ağlından keçir.

- "Neftçi"nin aparıcı futbolçusu Yusuf Lavalı satmasını necə qarşıladız? 
- Hər kəsin "Neftçi"dən futbolçunun getməsi yox, transfer edəcəyini gözlədiyi dönəmdə Yusuf Laval komandadan ayrıldı. O, komanda üçün çox dəyərli oyunçu idi. Bəlkə də, son 3-4 ayda gözləntiləri qarşılaya bilmirdi. Amma futbolçu getmək istəyirdi ki, klub da Lavalı məcbur etmədi. Məncə, "Neftçi" də transferlərə hazırlaşır. Çünki kubokda şansları var, çempionatda da ilk "üçlük"dədirlər. Klub rəsmilərinin açıqlamalardan belə başa düşürəm ki, bir neçə transfer gözlənilir. "Neftçi"nin heyəti kasaddır, Laval getməsə bəlkə daha yaxşı idi. Ancaq bu, futboldur. Onun yerini doldurmaq üçün komandaya oyunçular lazımdır ki, kubokda mübarizəni davam etdirsinlər. "Neftçi" hər zaman çempionatda da titul üçün oynayır.

- Yeri gəlmişkən, oğlunuz Ömər də "Vaşaş"a qarşı yoxlama görüşündə meydana çıxmışdı. Artıq "Neftçi"nin əsas komandasında oyunlara çıxır. Sizcə, o, əsas komandada möhkəmlənə biləcək?
- Bəli, "Neftçi"nin ilk oyununu izlədim. Oğlum Ömər də start heyətində meydana çıxmışdı. Laurentsiu Regekapmfın gənclərə belə şans yaratması alqışalayiqdir. Gənclər də gərək bundan səmərəli istifadə etsinlər. Bu yaşda "Neftçi"nin əsas komandada meydana çıxıb futbol oynaması böyük üstünlükdür. Antalyada toplanışında olmaq belə, böyük üstünlükdür. Futbolçuların inkişafı çox önəmlidir, həmçinin də Ömərin. Gərək verilən şansdan maksimum istifadə etsin ki, orada möhkəmlənə bilsin. Bu da futbolçuların öz əlindədir. Əgər şans verilirsə, maksimum istifadə etmək lazımdır ki, orada möhkəmlənib, maksimum qalasan.

writer photo
Əlirza Əlirzalı
0