“Neftçi”nin sabiq futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Slavko Georgiyevski apasport.az saytına müsahibə verib.
- "Neftçi" son turda "Turan Tovuz"la 1:1 hesabı ilə bərabərə qaldı. Oyun barədə nə deyərdin?
- Oyunu izlədim. Təbii ki, "Neftçi"nin "Turan Tovuz"la görüşdə qalib gəlməsini istəyərdim. Amma komanda 1 xal qazana bildi. Nə deyim? Yenə də çətin idi və "Neftçi" bu görüşü də uda bilmədi.
- Hazırda "Neftçi" "Sumqayıt"la yeni xala malik olsa da, üçüncü pillədə qərarlaşıb. Səncə, niyə "Neftçi" çempionluq mübarizəsində yer almayıb?
- Təəssüflər olsun ki, "Neftçi" hazırda üçüncü pillədədir və "Qarabağ"la xal fərqi 20-yə çatıb. Ən pisi də məhz budur. Düzü, "Neftçi"nin "Qarabağ"la xal fərqinin bu qədər çox olmasını xatırlamıram. Yadıma gəlmir. Ən üzücü məqam da elə budur.
- Miodraq Bojoviç baş məşqçi postuna gəldikdən sonra "Neftçi" 1-2 oyunu istəkli oynadı və çoxları düşünürdü ki, artıq hər şey qaydasına düşüb. Amma matçlar keçdikcə görünür ki, Bojoviç də fövqəladə bir şey edə bilməyib...
- Bəli, doğrudur, Bojoviç gəldikdən sonra böyük istək var idi. Amma bundan sonra komanda elə əvvəlki kimi oynamağa başladı. Görünür ki, xüsusi nəsə etmədilər. Bu, “Neftçi”nin əsl üzü deyil. Belə olmalı deyil. Ümid edək ki, yaxşı olacaq.
- Rəhbərlik Bojoviçin qarşısına ikinci yeri tutmaq və ölkə kubokunu qazanmaq hədəfini qoyub. Ölkə kubokunun yarımfinalında "Neftçi"nin rəqibi "Qarabağ"dır. Səncə, onlar məqsədinə çata biləcək?
- Allah eləsin, bu məqsədə çata bilsinlər. Ən azından, kuboku qazansınlar və ikinci pilləni tutsunlar. Amma bu cür oyunla bunları etmək çox çətin olacaq. “Neftçi” belə oynamağa davam edərsə, nə bilim...Təki, hər şey yaxşı alınsın.
- Qarşıdakı turda "Neftçi" "Qarabağ"la üz-üzə gələcək. "Neftçi"nin Azərbaycan derbisini udacaq potensiala sahib olduğunu düşünürsən?
- Derbi barədə proqnoz vermək həmişə çətindir. Amma fakt odur ki, “Qarabağ” olduqca güclüdür. Bu oyunu udmaq üçün “Neftçi” matça 100% hazır olmalıdır. Bütün “Neftçi” azarkeşləri kimi, mən də ən yaxşı nəticəyə ümid edirəm. Allah qoysa, hər şey onların ürəyincə olar.
- "Neftçi"nin ən uğurlu dönəmində komandanın əsas simalarından olmusan, hazırda isə məşqçi kimi fəaliyyət göstərirsən. Bu klubda işləmək istəyərsən?
- Mən hər zaman “Neftçi”də işləməyə, komandaya kömək etməyə hazıram. Amma bu baş verərsə, çox istəyərdim ki, ölkədəki bütün yaxşı, gənc futbolçular “Neftçi”də olsun. Daha sonra isə legionerə baxardım. Amma öncəlik ən yaxşı yerli oyunçuların “Neftçi”də olmasıdır. “Neftçi” mənim komandamdır və hər zaman bu kluba işimlə kömək etməyə hazıram.