“Oyuna pis başladıq və pis bitirdik".
Apasport.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları cavab oyunu barədə danışarkən deyib.
İki oyunun cəmində Azərbaycan çempionu ilə bacarmayan (1:1, 1:3) macarlar mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.
Rusiyalı mütəxəssisin qarşılaşmadan sonra mətbuat konfransında məğlubiyyət şərhi belə olub: “Bu gün hazırlıqsız olduq. Qələbə qazanmağa köklənmişdik və bunu bacaracağımızı düşünürdük. Amma "Qarabağ"a praktikada uduzduq".
- Müdafiədə zəif çıxış nədən qaynaqlanır?
- Belə düşünmək doğru olmaz. Hansısa mövqeyi fərqləndirmirik. Bütün komanda olaraq bu oyunda uduzduq. Çox top itkilərinə yol verdik, buraxdığımız boşluqlar bizi məğlubiyyətə sürüklədi.
- Azərbaycandakı 1:1 hesabına görə bəlkə komandada özündənrazılıq yaranmışdı?
- Özündənrazılıq belə oyunlarda əslində pis şey deyil. Baş məşqçi kimi bu məsuliyyəti dərk edirəm. Kollektivlə söhbətimiz oldu. Harada səhvlərə yol verdiyimizi daha sonra təhlil edəcəyik.
- Artıq mübarizəni Avropa Liqasında davam etdirəcəksiniz. Çempionlar Liqasından kənarda qalmağınıza nə səbəb oldu?
- Hər kəs Çempionlar Liqasını arzulayır və qələbə qazanmaq istəyir. Amma bugünkü rəqibimiz çox güclü idi. "Qarabağ"ın, xüsusən də, hücumçuları güclü idi. Əgər bizim futbolçular motivasiya baxımından geri qalırdısa, deməli, rəqib daha güclüdür. Düzdür, bizi məğlubiyyətə görə günahlandırırsınız. Bu sizin işinizdir. Bizim işimiz isə səhvlərimizi analiz etmək və bunları düzəltməkdir.
- Müdafiəçiləriniz sanki rəqibdən çox qorxurdular...
- Əgər kimdəsə qorxu varsa, bu, futbol deyil. Bir daha təkrar edirəm, biz bu gün bir komanda olaraq məğlub olduq.
- Səhvlərə baxacağınızı dediniz. İndiki məqamda özünüzün hansı səhviniz yadınıza düşür?
- Bu gün güclü komandaya uduzduq. "Qarabağ" qələbəyə layiq idi.